Muncuqlutəpə nekropolunda qoşa dəfn həyata keçirilən qəbirlər AŞKARLANDI – FOTO

Maraqlı

Goranboy rayonu ərazisində yerləşən Muncuqlutəpə nekropolunda arxeoloji qazıntı işləri aparılıb.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan verilən xəbərə görə, Naftalan-Goranboy arxeoloji ekspedisiyası arxeoloq Müzəffər Hüseynovun rəhbərliyi ilə bu ilin may ayında Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən nekropolda arxeoloji qazıntı işləri aparıb.

Son Tunc – Erkən Dəmir dövrünə aid olan nekropolun ərazisi bir hektardan artıqdır. Abidə 2007-ci ildə M.Hüseynov tərəfindən qeydə alınıb və burada ilkin tədqiqatlardan bu günə qədər fasilələrlə 19 qəbir öyrənilib. Əsasən düzbucaqlı və oval formalarda qazılmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə aşkar edilib.

Bu il nekropolda Xocalı-Gədəbəy mədəniyyətinə aid 6 qəbir qazılaraq tədqiq olunub. Diqqəti çəkən məqamlardan biri bəzi qəbirlərdə qoşa dəfnin həyata keçirilməsidir. Tədqiq edilən 19 qəbirdən 2-də qoşa dəfn həyata keçirilib. Qəbirlərdən birində qadın və kişi skeleti, digərində isə təxminən 40-45 yaşlarında qadın və 14-15 yaşlarında uşaq (qadın) skeleti aşkar edilib. Ehtimal ki, birinci qəbir kişi və onun xanımına, ikinci qoşa dəfn isə qadın və onun yeniyetmə qızına aid olub. Qəbirlərdən zəngin maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc və dəmirdən hazırlanmış xəncərlər, bıçaqlar, müxtəlif minerallardan hazırlanmış bəzək əşyaları aşkar edilib. Nekropolda skeletlərin yaxşı vəziyyətdə qalması onlar üzərində antropoloji analizlərin aparılmasını asanlaşdırır. Arxeoloji materialların müqayisəli təhlilinə əsasən qəbirlər e.ə. IX-VIII əsrlərə aid edilir. Nekropolda arxeoloji tədqiqatların davam etdirilməsi planlaşdırılır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir