Bir müddət öncə Türkiyə hökumətinin ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciəti qəbul olundu. Beləliklə, beynəlxalq səviyyədə ölkə adı olaraq istifadə olunan “Turkey” (Turkei, Turquie və s.) kəlməsi “Türkiye” olaraq istifadə olunacaq.
Ancaq Türkiyə beynəlxalq aləmdə adı dəyişdirilən yeganə ölkə deyil. Oxu.Az onlardan bəzilərini təqdim edir.
Hollandiya – Niderland
Niderland hökuməti də “Hollandiya” adından imtina edərək imicinə yenidən baxdı. 2020-ci ildən bəri biznes liderləri, turizm şurası və mərkəzi hökumət ölkəni Niderland adlandırır.
Hazırda Şimali Hollandiya və Cənubi Hollandiya Avropa ölkəsinin 12 əyalətindən yalnız ikisidir.
Makedoniya Respublikası – Şimali Makedoniya
2019-cu ildə Makedoniya Respublikası rəsmi olaraq Şimali Makedoniya Respublikası oldu. Bəzi digər ölkə ad dəyişikliklərindən fərqli olaraq, bu işdə Yunanıstanla bağlı siyasi motiv olub.
Çexiya – Çex Respublikası
Mərkəzi Avropa ölkəsi Çexiya üçün ad dəyişikliyinin arxasında yenə marketinq dayanır. 2016-cı ildə Çexiya hökuməti adıni rəsmi olaraq Çex Respublikasına dəyişdi.
Persia – İran
1935-ci ildə Persia ölkənin adını İran olaraq dəyişdirdi (Zərdüştilikdə İranın şimalı və Əfqanıstanın cənubu Ariana adlanırdı). 1979-cu ildə İranda Ayətullah Xomeyninin rəhbərlik etdiyi islam inqilabı baş verdi, bu zaman monarxiya devrildi və İran İslam Respublikası elan edildi.
Siam – Tailand
Siamın adı 1939-cu ildə idarəetmə üsulu konstitusiyalı monarxiyaya çevrildikdən sonra Tailand olaraq dəyişdirildi. Yerli dildə “Prathet Thai” (“azad insanların ölkəsi”) kimi tələffüz olunur.
Demokratik Kampuçiya – Kamboca Krallığı
Kamboca adını bir neçə dəfə dəyişib. 1953-1970-ci illər arasında ölkənin adı dəyişdirilərək Kamboca Krallığı, sonra isə 1975-ci ilə qədər Kxmer Respublikası adlandırıldı. 1975-1979-cu illərdə kommunist hakimiyyəti altında Demokratik Kampuçiya oldu. 1989-1993-cü illərdə BMT-nin keçid hakimiyyəti altında Kamboca dövlətinə çevrildi. 1993-cü ildə monarxiyanın bərpasından sonra onun adı yenidən dəyişdirilərək Kamboca Krallığı adlandırıldı.
Birma – Myanma
Əvvəlcə Birma adlanan hakim hərbi xunta 1989-cu ildə xalq üsyanında minlərlə insanın öldürülməsindən bir il sonra adını Myanma olaraq dəyişdi. Bu dəyişiklik Birləşmiş Millətlər Təşkilatı, Fransa və Yaponiya kimi ölkələr tərəfindən tanınsa da, ABŞ və Böyük Britaniya tərəfindən tanınmayıb.
Svazilend – Esvatini
2018-ci ilin aprelində Kral III Msvati ölkənin müstəmləkə keçmişindən azad olmaq istəyini vurğulayaraq Svazilendin adını dəyişdirərək Esvatini qoydu. Deyilənə görə, kral həmçinin bəzilərinin Svazilendi İsveçrə ilə səhv salmasından narazı olub.
Seylon – Şri-Lanka
Esvatini kimi, Şri-Lanka da müstəmləkə keçmişindən ayrılmaq üçün adını dəyişdi. Rəsmi ad dəyişikliyi 1972-ci ildə, ölkə Britaniya hökmranlığından müstəqil olduqdan sonra edilsə də, köhnə müstəmləkə adı olan Seylon hökumətin istifadəsindən rəsmi olaraq 2011-ci ildə çıxarıldı.
Bununla belə, məşhur Seylon çay etiketi öz adını saxlayıb.
www.RIA24.az