Avstraliyada yüzlərlə boz şərq kenqurusu kurort şəhəri Maaruma sakinlərini qorxu içində saxlayır. İri heyvanlar insanların küçələrdə hərəkətinə mane olur, sakinlər əllərində ağacla yerimək məcburiyyətində qalırlar.
Maaruma sakinləri özlərini “mühasirə altında” hiss etdiklərini bildiriblər.
“İstirahət üçün qazonlar, manqal meydançaları və düşərgə sahələrini kenqurular tutublar. Onların sayı həddən artıq çoxdur, sürətlidirlər, hətta saya bilmirik. Onlar daim parklarda, küçələrdə tullanırlar və insanlar əllərində böyük çubuqlarla gəzməyə məcbur olurlar”, – deyə sakinlərdən biri deyib.
Kvinslend Ətraf Mühit Nazirliyi son vaxtlar aqressiv kenquruların insanlara hücumu ilə bağlı artıq yeddi məlumatın daxil olmasına diqqət çəkib.
Qurumdan bildirilib ki, hər gün küçələrdə ən azı 80, meşələrdə isə daha çox kenquru görünür.
“Yemək çatışmazlığı onları insanlara tərəf sövq edir. Şəhər sakinlərinin bəziləri onları yedizdirir, bəziləri isə su tapançası ilə qorxudurlar. İnsanların bu cür qeyri-sabit davranışı heyvanların daha da aqressivləşməsinə gətirib çıxarır”, – deyə nazirliyin bir nümayəndəsi bildirib.
Qeyd edək ki, boz şərq kenqurusunun uzunluğu 280 sm-ə, çəkisi isə 90 kq-a çata bilər. O, saatda 64 kilometrə qədər sürətlə hərəkət edə bilir.
Mənbə: Daily Mail
www.RIA24.az