Yaxın günlərdə möhtəşəm səma hadisəsinin şahidi olacağıq. Belə ki, ən böyük planetlərdən olan Yupiter Yer və Günəşlə bir xəttdə duracaq. Hadisələrin bu kombinasiyası təxminən 12 ildə bir dəfə baş verir və “Yupiterin böyük qarşıdurması” adlanır.
Bu barədə Moskva Planetariumunun (Rusiya) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Böyük qarşıdurmanın özəlliyi bu anda Yupiter Yerlə minimum məsafəyə (3,95 astronomik vahid) yaxınlaşmasıdır.
“Böyük qarşıdurmalar olduqca nadir hallarda qeydə alınır. Yupiter üçün bu təxminən 12 ildən bir baş verir. Cari ilin sentyabrın 26-da, Moskva vaxtı ilə saat 22:10-da (Bakı vaxtı ilə 23:10-da – red.) Yupiter Günəşlə böyük qarşıdurma nöqtəsində olacaq… O, gecə səmasında Ay və Veneradan sonra üçüncü ən parlaq obyekt olacaq”, – deyə planetariumdan bildirilib.
O da bildirilir ki, Yupiter səma ekvatoruna yaxın “Balıqlar” bürcündə yerləşəcək və son bir neçə ildə ilk dəfə şimal enliklərində üfüqdən kifayət qədər yüksəkliyə qalxacaq.
Yeri gəlmişkən qeyd edək ki, NASA alimləri Yupiterin iki yeni ən aydın şəklini yayımlayıblar. Kadrlarda Yupiterin halqaları, kiçik peykləri və hətta qalaktikaları əks olunub.
Mənbə: TASS
www.RIA24.az