Amerikalı rəssam Maykl Heyzerin 1970-ci ildə Nevada səhrasında tikməyə başladığı və açıq hava strukturları, torpaq kütlələrindən ibarət “Şəhər”i (“City”) nəhayət ziyarətçilərin ixtiyarına veriləcək. Sənətkarın ən iddialı və karyerasını müəyyənləşdirən layihəsinin açılışı sentyabrın 2-nə nəzərdə tutulub.
Qeyd edək ki, qədim həndəsi məbədləri xatırladan bir neçə tikilidən ibarət obyekt təxminən 2,4 x 0,8 km ərazini əhatə edir. Sənət əsəri həmin ərazidə olan materiallardan istifadə edilərək inşa olunub.
Məlumata görə, “Şəhər”ə giriş Linkoln, Nay və Uayt Payn qraflıqlarının sakinləri üçün pulsuz olacaq, digər ziyarətçilər üçün isə biletin qiyməti 100-150 dollar təşkil edəcək.
Birinci ildə yalnız məhdud sayda insan (gündə 6 nəfərə qədər) əvvəlcədən qeydiyyatdan keçməklə abidəni ziyarət edə biləcək.
Maykl Heyzer qalereyalardan və sənət emalatxanalarından kənarda yaradıcılığa başlayan müasir incəsənətin ilk nümayəndələrindən biridir.
Mənbə: CNN
www.RIA24.az