1918-ci ilin bu günü Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu Bakını erməni-bolşevik işğalından azad etdilər. Bununla təkcə erməni və bolşeviklərin Bakı və ətraf rayonlarda hökmranlığına birdəfəlik son qoyulmadı, həm də Azərbaycanın müstəqilliyi tam təmin olundu. Qələbədən iki gün sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Türk qardaşlarımız həmin vaxt Azərbaycan əsgərləri ilə birlikdə düşmənə, mənfur qonşumuza qarşı mübarizə aparıblar. Osmanlı hökuməti Bakının azadlığı uğrunda 1130 şəhid verib. Ona görə də müstəqillikdən bəri hər ilin bu günü Şəhidlər xiyabanında türk şəhidlərimizin xatirəsinə ucaldılan Türk Şəhidliyi abidəsi ziyarət edilir və onlar üçün anım mərasimi keçirilir.
Hələ o dövrdən ermənilərin əsas xülyası “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək idi. Bu yolda onlar azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirsələr də, türk birliyi düşmənin məkrli planını puç etdi. Doğrudur, 70 illik sovet hakimiyyəti dönəmində tarix kitablarında bu qələbəmiz təhrif olunaraq tamamilə yanlış şəkildə təqdim edildi. Hətta türk qardaşlığını sonlandırmaq, SSRİ idarəçiliyində olan türk dövlətlərinin Türkiyə Cümhuriyyəti ilə əlaqələrini kəsmək üçün dilimizi, əlifbamızı dəyişməyə cəhdlər göstərildi. Daxildəki türkləri parçalamaq üçün “özbək”, “qırğız”, “qazax” terminləri ortaya atıldı. Ancaq Azərbaycan nə dünən, nə də bu gün türk qardaşının, qəhrəman əsgərlərin fədakarlığını unutmur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhrəmov tarixi qələbə ilə bağlı Oxu.Az-la fikirlərini bölüşüb. Professor qeyd edib ki, 1918-ci il mayın 29-dək olan dövrdə ermənilər böyük dövlətlərin əlində bir ölüm aləti olaraq Osmanlı və Azərbaycan xalqına qarşı istifadə edilirdilər:
“Onlar xüsusilə enerji resursları olan Osmanlı imperiyasının ərazilərini və zəngin nefti olan Bakını ələ keçirmək istəyirdilər. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Bakıda dünyanın ən zəngin neft şirkətləri vardı. O şirkətlərin sahibi olan dövlətlər bu torpaqları ələ keçirmək istəyirdilər. Ona görə də yırtıcı imperialistlər ölüm aləti kimi erməniləri seçdilər.
1918-ci il mayın 29-da AXC-nin Milli Müsəlman Şurasının qəbul etdiyi qərar nəticəsində İrəvan şəhəri və onun ətrafında olan doqquz min kvadratkilometr ərazi ermənilərə güzəştə gedildi. Bu güzəşt isə ermənilərə bir növ hüquqi məkan verdi. Onların dövlət qurmaq bacarığı yox idi, Qərb və sovet hökuməti bu işdə yardımçı oldular”.
Müsahibimiz bildirib ki, əgər biz soyqırımından danışırıqsa, bu, 1918-ci ilin fevralından 1920-ci ilə qədər ardıcıl davam edib, 1920-ci ildən sonra isə mərhələli şəkildə azərbaycanlılara qarşı soyqırımı cinayəti törədilib:
“1917-ci ilin oktyabrında rusların milli dövlətçiliyinə – çarizmə bolşeviklər son qoyurlar. Onların heç biri rus deyildi, Amerikada kök salan bankirlər tərəfindən maliyyələşirdilər. Həmçinin 1917-ci ilin dekabrın 16-dan 1918-ci ilin iyun ayının 5-nə qədər sovet hökumətinin bolşevik-daşnak quldur dəstəsinə ayırdığı vəsaitin ümumi miqdarı 82,3 milyon rubl olub. Bu, 80 ton qızıla bərabərdir. Həmin pullara isə Bakı şəhərini bombardman etmək üçün ancaq silah alıblar. Maliyyələşdirmə işində Qərb şirkətləri əsas rol oynayıb. Heç də təsadüfi deyil ki, Çörçilin 1918-ci ildə yazdığı məqalədə belə bir cümlə var: “Əgər neft kraliçadırsa, Bakı onun tacıdır”. Bu sözlərin arxasında nə gizlənirdi, 1918-ci ildə ingilislərin gəlmə səbəbi nə idi?! Onların buradan apardıqları sərvətin qiyməti 113 milyon rubl qızıl pul idi. Ona görə də 1918-ci il mayın 28-də AXC elan olunduqdan sonra Bakını azad etmək əsas missiyalardan biri idi”.
Tarixçi diqqətə çatdırıb ki, soyqırımı cinayətlərinə 1918-ci il fevralın 23-də Cənubi Azərbaycanda başlanıb:
“İndiki Urmiya şəhəri və onun ətraf ərazilərində 30 min xristian əhali üçün dövlət qurmaq istəyirdilər. Bunun da pulunu Qərb şirkətləri ödəyirdi. Orada bir həftə ərzində 76 min nəfəri qətlə yetirdilər. Ümumilikdə, 200 min insanı öldürdülər. Eləcə də Şimali Azərbaycanı götürdükdə faktlara dayanaraq deyirəm ki, Bakıda 30 min, Qubada 16 min, Zəngəzurda 10 min, İrəvan quberniyası ərazisində 57 min nəfəri öldürüblər. Tərtib etdiyimiz soyqırımı xəritəsində bunlar öz əksini tapıb, bütövlükdə 986 min nəfərə qədər həmvətənimiz soyqırımı cinayətinə məruz qalıb.
Ona görə də sentyabrın 15-də Osmanlı və Azərbaycan qardaşlığının nəticəsi olaraq Bakının azad edilməsi həyata keçirildi. Qafqaz İslam Ordusunun yaradılması, orada Azərbaycan hərbi hissələrinin bilavasitə iştirakı önəmlidir. 1100-dən çox türk qardaşımız və üç mindən çox Azərbaycan vətəndaşı Bakının azad olunması uğrunda şəhid olub. Bu gün də biz şəhidlərimizi dəfn edirik”.
Alim müharibənin bizim öz ərazimizdə, tarixi torpaqlarımızda getdiyini vurğulayıb:
“Biz kiminsə torpağına təcavüz etməmişik. İki gündə Azərbaycan Ordusunun erməni faşizminə vurduğu zərbə bizim torpaqlarımızın azad edilməsinin rəmzidir. Geriyə yolumuz yoxdur. Biz son 200 il ərzində itirdiklərimizin geri qaytarılmasıyla məşğul olmalıyıq. Prezidentin uğurlu siyasəti sonda Azərbaycan xalqının qələbəsi ilə nəticələnəcək. Biz heç kimdən qorxmuruq, edilən təcavüzə görə onların cəzasını veririk. Azərbaycan Ordusunun cəbhədə keçirdiyi əməliyyatlar Bakının azad olunması gününə bir növ hədiyyədir. Bu gün milli tariximizdə müstəsna yer tutur”.
Sayad Həsənli
www.RIA24.az