ABŞ-ın Ermənistanı dəstəkləmə SƏBƏBİ və Rusiyanın atacağı ADDIM: Ermənistanı nə gözləyir? – MÜSAHİBƏ

Maraqlı

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son 30 ildə aparılan danışıqlar prosesi göstərdi ki, bölgədə marağı olan ölkələr bu konfliktin dondurulmuş vəziyyətdə saxlanılmasını istəyiblər və region ölkələrinə təsir aləti kimi istifadə ediblər. Münaqişənin nizamlanması ilə bağlı danışıqlarda əsas vasitəçi mandatına sahib olan ATƏT-in Minsk qrupunun üç həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, ABŞ və Fransa münaqişənin həll olunması üçün əməli addım atmadılar, daim ikili standartlardan çıxış etdilər. Hətta 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini, öz nəzarətində saxladığını, Qarabağ bölgəmizdə erməni separatçılarının bilavasitə İrəvandan dəstək aldığını göstərməsi belə Minsk qrupunun mövqeyini dəyişmədi”.

Bu sözləri Oxu.Az-a müsahibəsində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri Zaur İbrahimov deyib. O bildirib ki, Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanılması Rusiyaya Ermənistanı öz forpostuna çevriməyə imkan yaratdı. Fransa bundan öz maraqları üçün daim yararlandı, ABŞ isə öz maraqlarını Rusiyanın və İranın təsirlərindən qorudu:

– Həmsədr ölkələr Türkiyəni daim nizamlama prosesindən kənarda saxlamaqla Cənubi Qafqazda yalnız öz mənafelərini uzlaşdırmağa və maraqlarını diktə etməyə səy göstərdilər. Azərbaycanla imzalanmış neft müqavilələrində həm ABŞ, həm Fransa şirkətləri böyük mənfəət götürdülər. Ancaq yalnız Azərbaycanın səyləri hesabına Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu xətti çəkildikdən sonra Türkiyə müəyyən dividentlər əldə etməyə başladı. 

Məhz Qarabağ münaqişəsi İrana Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edərək sanksiyaların təsirini azaltmaq üçün qeyri-leqal ticarət aparmaq imkanları yaratdı. İran Ermənistanı da daim təzyiq altında saxlaya bildi, Azərbaycan da İran amilini bir çox məsələlərdə, hətta ziyanımıza olsa belə, nəzərə almağa məcbur qaldı. Eyni zamanda, Böyük Britaniyanı da xüsusi qeyd etmək olar, London Azərbaycanın neft müqavilələrindən daha çox fayda götürən tərəf oldu. Azərbaycanın 1990-cı illərdə Qarabağ münaqişəsi səbəbindən ağır duruma düşməsi Böyük Britaniya üçün daha əlverişli sövdələşmələr əldə etməyə imkanlar yaradırdı. Lakin Azərbaycan sonrakı mərhələlərdə bu sahədə vəziyyəti, əsasən, ölkəmizin xeyrinə dəyişə bildi. 

Rusiya isə Ermənistana kredit adı altında silah verdi. Bu kiçik analiz göstərir ki, xarici qüvvələr Qarabağ münaqişəsinə yalnız öz maraqları prizmasından yanaşıblar, indi də vəziyyət dəyişməyib.

– Bəs hazırkı geosiyasi vəziyyəti necə dəyərləndirirsiniz?

– Azərbaycanın zəfər çaldığı 44 günlük Vətən müharibəsi yeni geosiyasi reallıq yaradıb. Bu yeni reallıq Türkiyənin bölgədə təsirinin artması, İranın təsir imkanlarının zəifləməsi ilə nəticələnib, Rusiya əvvəlki kimi öz maraqlarını diktə edə bilmir, ABŞ və Fransa isə Azərbaycanın mövqeyi, yanaşması ilə hesablaşmaq məcburiyyətində qalıblar. Şübhəsiz ki, bu cür vəziyyət Moskva, Vaşinqton, Paris, Tehranda narahatlıq yaradır. Eyni zamanda Azərbaycan 21-ci əsin ikinci onilliyində tarixi president yaratdı və işğal olunmuş ərazilərini silah gücünə geri qaytardı, böyük dövlətlər fakt qarşısında qaldılar. 

İndi isə müşahidə edirik ki, xarici qüvvələr, böyük dövlətlər Azərbaycanın qələbəsindən sonra yaranmış yeni reallıqda öz maraqlarını təmin etmək üçün rəqabətə başlayıblar. Onlar Ermənistana dəstək verməklə Azərbaycana təzyiq etməyə çalışırlar. Ermənistanla sülh sazişinin imzlanması, sərhədlərin dəqiqləşməsi, kommunikasiyaların açılması onların təsir imkanlarını məhdudlaşdıracaq. Məhz buna görə xaric qüvvələr gərginliyin qalmasında, sülh danışıqlarının uzanmasında bilavasitə maraqlıdırlar. 

– Ermənistan Azərbaycanın onun ərazilərinə müdaxilə etməsinə dair əsassız ittihamlar səsləndirir. Çünki hazırda sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməyib. Üstəlik, öhdəlik götürməsinə rəğmən, hələ də geri qaytarılmayan ərazilərimiz var. Biz bunları sənədlərlə sübuta yetirdiyimiz halda, beynəlxalq ictimaiyyət niyə Ermənistana inanmağı seçir?

– Dediyiniz kimi, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməyib, bunu Avropa İttifaqı, BMT də qəbul edir və onların son iki ildəki çağırışlarında bu işin yerinə yetirilməsi vurğulanır. Ermənistana dəstək verilməsi bir neçə amillə şərtlənir. Bunlardan biri erməni disaporunun lobbiçiliyidir, xüsusən Fransa, ABŞ xarici siysətində bu amil hiss olunur. İran üçün Ermənistanı dəstəkləmək xarici siyasətin əsas prioritetidir, bunun səbəbləri cəmiyyətimiz üçün aydındır. Tehran bu siyasətindən heç bir halda əl çəkməyəcək. 
Rusiya üçün isə Ermənistan forpostdur və bu yanaşma dəyişməyəcək. Tarixən ermənilər ruslar üçün bölgədə Türkiyə və Azərbaycan təsirinə qarşı əsas alət kimi nəzərdən keçirilib və XVIII əsrdən bu siyasət davam edir. Həmçinin nə qədər təəssüf doğursa da, xristian həmrəyliyi amili də öz sözünü deyir. Ermənistana bir çox hallarda elə xristian ölkəsi kimi dəstək verirlər. Zamanında Rusiya, Fransa təbliğatı da kifayət qədər təsirini göstərib. 

Ermənilər bu illər ərzində təşkilatlanıblar, şəbəkələşiblər, xristan ölkə kimi uzun illər guya müsəlmanların təzyiqindən qorunmaq üçün dəstək alıblar. Azərbaycan isə yalnız son 30 ildə bu fəaliyyətlərə başlayıb və əlbəttə, bizə də zaman lazımdır ki, bu işi lazımi səviyyədə quraq. 

– Hüquqi baxımdan Ermənistanı törətdiyi cinayətlərə, mülki əhalini hədəf almasına görə hansı cəza gözləyir?

– Əvvəldə də bildirdiyim kimi, 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini, öz nəzarətində saxladığını, Qarabağ bölgəmizdə erməni separatçılarnın bilavasitə İrəvandan dəstək aldığını göstərib. Həmin qərarda azərbaycanlı məcburi köçkünlərə mülkiyyət hüquqlarının pozulması və onlara kompensasiya verilməsi Ermənistanın öhdəliyi kimi müəyyən edilib. Lakin Ermənistan buna əməl etmir. Bu yaxınlarda Polşa II Dünya Müharibəsində ona dəymiş ziyana görə Almaniyanın 1,3 trilyon dollar ödəməli olduğu barədə iddia irəli sürdü. Bildiyim qədər, Azərbaycana dəymiş ziyan beynəlxalq şirkətlər tərəfindən qiymətləndirilir, eyni zamanda Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddialar qaldırıb. 

Serebrenitsa soyıqırımını törədənlər Beynəlxalq Tribunala cəlb edildilər. Sonra isə hər biri ağır cəza aldı. Azərbaycan bu istiqamətdə iş aparmalıdır, necə ki 30 ildən sonra torpaqlarımızı azad etməyə nail olduq, Azərbaycana qarşı hərbi cinayətlər törətmiş canilərin də həbsinə və cəzalanmasına nail olacağıq. Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq törətdikləri cinayətlər, o cümlədən hərbçilərimizə və dinc əhalimizə qarşı həyata keçirdikləri misli görünməmiş qəddarlıqlar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda toplanmış dəlillərlə sübuta yetirilib. İnsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlar. 

Beynəlxalq hüquq normalarına, xüsusilə də 1968-ci il tarixli “Müharibə cinayətlərinə və bəşəriyyət əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunmaması haqqında” Konvensiyanın tələblərinə əsasən, müharibə cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün vaxt məhdudiyyəti müəyyən olunmur və bu koteqoriyalı cinayətkarlar cinayətin törədildiyi vaxtdan asılı olmayaraq mühakimə oluna bilərlər. Cinayət məsuliyyətinə cəlb edilmə müddətinin tətbiq olunmaması müharibə cinayətlərini digər cinayətlərdən fərqləndirən əlamətlərdən biridir. Bu isə bizə Birinci və İkinci Qarabağ müharibəsi zamanı, eyni zamanda atəşkəs dövründə törətdikləri müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi hakimiyyətini mühakimə etməyə imkan verir.

– ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərinin arxasındakı məkrli plan nədən ibarətdir?

– ABŞ-ın Ermənistana dəstəyi situativdir, bu daha çox Rusiya ilə geosiyasi rəqabətin təzahürüdür. Cənubi Qafqazda Azərbaycanla sıx əməkdaşlıq olmadan böyük ölçüdə heç bir ölkənin marağı təmin oluna bilməz. Həmçinin faktiki olaraq Rusiyanın forpostu olan, iqtisadiyyatı tamamilə rusların nəzarətində olan, ərazisində Rusiya hərbi bazası olan ölkə ABŞ tərəfindən qeyd-şərtsiz dəstəklənə bilməz. Ermənistanın indiki rəhbərliyinin siyasi manevrləri ABŞ-a İrəvanı dəstək göstərmək imkanları yaradıb. Vaşinqtonda bu imkanlardan maksimum yararlanmağa çalışırlar. Son 30 ildə Moskvanın vassalı kimi çıxış edən ölkəni öz nəzarəti altına almaq Vaşinqtonda həm də bir ideoloji qələbə, Putin Rusiyasına ağır zərbə kimi qəbul edilir. 

Bu, Saakaşvili Gürcüstanda hakimiyyətə gəldikdən sonrakı vəziyyəti xatırladır. Vaşinqton üçün erməni cəmiyyətində Rusiya əleyhinə dayaqlar yaratmaq əsas vəzifədir. Bu dəstək nə qədər davamlı olacaq, praktik olacaq, doğrudanmı bütün Ermənistanın ehtiyaclarını qarşılayacaq? Bu suallara müsbət cavab vermək çətindir. Böyük ehtimalla mümkün olmayacaq, necə ki Gürcüstana bunu etmək mümkün olmadı. Halbuki Gürcüstanda ABŞ daha böyük imkanlara və dəstəyə malik idi. Ona görə də düşünürəm ki, ABŞ sadəcə yaranmış vəziyyətdən yararlanır və bu işə Rusiyaya qarşı qlobal siyasətin bir elementi kimi baxır. Əlbəttə, ABŞ üçün zəruri olduqda Türkiyə və Azərbaycana münasibətdə Ermənistanın əlavə təzyiq amili kimi istifadə olunması da nəzərdən keçirilib. 

– Bəs ABŞ və Azərbaycanın tərəfli mövqeyi Azərbaycanla münasibətlərə necə təsir göstərəcək? 

– Fransa ilə Azərbaycan arasında xüsusi əməkdaşlıqdan danışa bilmirik, Paris hər zaman məsafəli davranıb, rəsmi Bakı da hər zaman fransızların erməniləri dəstəklədiklərini nəzərə alıb. Zaman-zaman Bakının diplomatik jestləri olub və bu da təbiidir, lakin Fransanın Vətən müharibəsi və ondan sonra atdığı addımlar Azərbayan tərəfindən heç bir vaxt unudula bilməz və ikitərəfli münasibətlərdə bunun təsiri həmişə hiss ediləcək. Fransının mövqeyini dəyişmək, yaxud yumşaltmaq səylərinə də vaxt itirmək lazım deyil, sadəcə Fransanın mövqeyi xarici siyasət qərarlarında nəzərə alınmalıdır.

ABŞ ilə münasibətlər isə düşünürəm ki, müvəqqəti geosiyasi təsir amilləri aradan qalxdıqdan sonra zamanla normallaşacaq. Azərbaycan həm Əfqanıstan müharibəsində, həm Vaşiqntonun bölgədəki təşəbbüslərinin dəstəklənməsində böyük dəstək olub. Azərbaycan xarici siyasəti ABŞ maraqlarını nəzərə alıb. Həmçinin Bakı Avropanın enerji təhlükəsizliyində mühüm missiya yerinə yetirib və yetirməkdə davam edir. 

Eyni zamanda, Azərbaycan bölgədə aparıcı ölkələrin maraqlarını uzlaşdırıb və tarazlaşdırıb, bir müddət əvvəl Rusiya-NATO danışıqları məhz Bakıda baş tutdu. Bu da Azərbaycana etimadın gerçək ifadəsi idi. ABŞ-ın Azərbaycana münasibətində erməni lobbisinin təsiri həlledici amil deyil. Azərbaycan Şərqin qapısıdır və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, Xəzər hövzəsindəki qüvvələr nisbəti Azərbaycanın yanaşmasından asılı olacaq. İranla qonşuluq, İsraillə xüsusi müttəfiqlik münasibətləri, Türkiyə ilə strateji müttəfiqlik Bakı ilə tərəfdaşlığın önəmini artırır. Düşünürəm ki, Azərbaycanın qayğıları, üzləşdiyi çağırışlar ABŞ-da obyektiv təhlil olunacaq və ölkələr arasında tərəfdaşlıq münasibətləri davam edəcək.

Sayad Həsənli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir