Mismar və çəkiclə işləyən qadın: “O qədər zədə almışam, artıq çəkiclə dostlaşmışam”-MARAQLI

Strinq-art yaxud filoqrafiya sənəti ilə məşğul olan Aytən Əliyeva Moderator.az-ın suallarını cavablandırıb. – Aytən xanım, öncə istərdim bu sənətə həvəsinizin necə yarandığını danışasız.

– Bu sənəti ilk dəfə internet vasitəsilə araşdırdım və Rusiya saytlarında gördüm. O vaxt bir o qədər də təməl bilgilər yox idi, görən kimi çox diqqətimi çəkdi, necə deyərlər vuruldum. Evdə əlimin altında kiçik mismar, kağız, iplər var idi və yava-yavaş başladım işləməyə. Yadımdadır ilk əl işim sadə bir ağac şəkili idi. Daha sonra professional ustalarla da görüşdüm və öz üslubumu yaratdım.

– Bu sənətin əsasını həm də rəssamlıq təşkil edir. Strinq-art-a qədər rəssamlıqla məşğul olmuşdunuz? – Xeyr, məşğul deyildim. Məktəb vaxtı yaxşı əl qabiliyyətim var idi. Mən bu işə hobbi kimi başlayıb, həvəs göstərmişəm. İstəyirdim ki, başım işə qarışsın. Daha sonra gördüm ki, bu iş məndə pis alınmır. – Həm çəkicdən istifadə edirsiz, həm də mismardan. Bu sənətin xanım üçün çətinliyi nədədir?

– Öncə onu deyim ki, bu sənət kişi və qadın gücünə bağlı deyil. Sözsüz ki, hər işin olduğu kimi bunun da öz mərhələləri var. Hər mərhələnin də öz sakitləşdirici, terapevtik istiqaməti var. Mənə görə bu işin ən çətin tərəfi rəng seçimidir. Rəssam bir şəkilin üzərində işlədikcə ona rəng qata bilər, rənglərin üstündə oynaya bilər, amma məndə elə bir lüks yoxdur. Mən hər şeyi öncədən fikirləşməliyəm. Çox fikirləşirəm ki, rənglər işlədiyim mövzuya uyğun olsun və bu mənim vaxtımı çox aparır. – Adətən əsərlərinizin üzərində neçə gün işləyirsiniz?  – Elə əl işlərim var ki, aylarla vaxtımı alıb. Hətta bir xalça ərsəyə gətirməli idim, əslində o işə aylarla vaxt sərf etməli olduğum halda daha tez hazırlayıb, ərsəyə gətirdim. O qədər canfəşanlıq etmişdim ki. Amma onu da deyim ki, həmin  əsərin üstündə düz iki il fikirləşdim, rəngini, toxunuşunu, altını necə, üstünü necə toxuyacağam? Günlərlə olurdu ki, boş taxtanın üstünə baxıb sadəcə fikirləşirdim. – Xanım olmağınıza baxmayaraq çəkic və mismarla asanlıqla işləyirsiz. İş prossesində zədə almısız?

– Əlbəttə ki, çox zədə almışam.Bəzən taxta üzərinə vurduğum mismarları çıxarmaq  məcburiyyətində qalmışam, bu zaman daha çox zədə almışam. Nə qədər də professional olsan bir müddət çəkiclə işləməyəndə əl yadırğayır. Uzun müddət əlimi əzmişəm. Amma son illərdə mismarla da, çəkiclə də dostlaşmışıq. Artıq onlar da məni başa düşür və onlarla söhbət edirəm. – Hansı mismarlardan istifadə edirsiz?

– Əl işlərini hazırlamaq üçün paslanmayan mismarlara ehtiyacım olur. Bu mismarla əsərlər daha uzun ömürlü olur. Əvvəl taxtanın üzərində eskiz çəkirik, daha sonra eskizin üzərini mismarla düzəndən sonra toxuyuruq. Sevinirəm ki, mən işlərimdə sırf öz mövzularımla fərqlənirəm. Bir rəngdə olan işlərdən qaçıram, rəngarəngliyi çox sevirəm. Fəxrlə və qürurla deyə bilərəm ki, bu işi professional səviyyədə edən ilk şəxsəm. Hətta 3 festivala dəvət alıb, ölkəmizi layiqincə təmsil etmişəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir