Ədliyyə müşaviri: “Gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücumlar təşkil olunub”

Müharibə

“4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə Gəncəyə açılmış atəşlər nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər (25 nəfəri Azərbaycan Respublikasının, 1 nəfər isə Rusiya Federasiyasının vətəndaşı) mülki şəxs qəsdən öldürülüb”. 

Oxu.Az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, öldürülənlərdən 5 nəfəri 60 yaşdan yuxarı, 1 nəfəri 0-5 yaş arası, 5 nəfəri 5-18 yaş arası olub:

“86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət almış şəxslərdən 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 0-5 yaş arasında olub.

Araşdırmaya əsasən təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyekti (o cümlədən 4 və 29 saylı 2 tam orta məktəb, 4 saylı 1 uşaq poliklinikası, 10 və 52 saylı 2 körpələr evi-uşaq bağçası, 1 Musiqi kolleci) olmaqla ümumilikdə 863.700 kvadrat metr təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində ümumilikdə milyonlarla məbləğdə maddi ziyan dəyib.

11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərdə hər tarixdə 3 ailə olmaqla 6 ailə tamamilə məhv edilib, qəsdən öldürülüb.

Qeyd olunan faktlarla bağlı 4 oktyabr 2020, 11 oktyabr 2020 və 17 oktyabr 2020-ci il tarixlərdə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə 3 cinayət işi başlamaqla ibtidai istintaq aparılıb”.

İ.Səfərov onu da qeyd edib ki, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncənin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən hədəfə alınıb:

“Döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə qarşı böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik 9K72 (“SS-1 C”və ya “Scud B”) Elbrus və 9M528, bəzi hallarda 9M55 raketlərlə təchiz olmuş Katyuşa nəslindən olan 9K58 “Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemindən istifadə edilməklə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücümlar təşkil olunub”.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir