Bu gün Gəncənin dördüncü dəfə bombalanmasından iki il ötür. İki il öncə Azərbaycan Ordusunun Vətən müharibəsində uğurlarını həzm edə bilməyən erməni terrorçuları mülki əhalini hədəf alaraq Gəncəyə beş dəfə raket atdılar, oktyabrın 10-dan 11-nə keçən gecə dördüncü dəfə Gəncə bombalandı. Azərbaycanın ikinci ən böyük şəhərinə edilən hücumlar zamanı 26 mülki vətəndaşımız şəhid olub. Çünki həmin raketlərin hər birinin hədəfi yaşayış məntəqələri, məktəblər, bağçalar, xəstəxanalar idi. Düşmən yenə nə qədər aciz, cılız, gücsüz olduğunu nümayiş etdirərək döyüşü cəbhədə aparmaqdan yayınırdı. Gəncə hadisələrinin, erməni vandalizminin qurbanlarından biri də Bağırovlar ailəsidir. Bağırovlar terror nəticəsində təkcə evsiz qalmayıb, həm də ailə başçısını – Ramiz Bağırovu itirib.
Tərcümeyi-hal: Bağırov Ramiz Yusif oğlu 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1965-ci ildə Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub və 1975-ci ildə həmin məktəbi bitirib. 1976-cı ildə Gəncə şəhər 89 nömrəli texniki peşə məktəbinə qəbul olaraq “Kino-mexanik” peşəsi üzrə təhsil alıb. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub, xidməti borcunu Rusiya Federasiyası (ovaxtkı SSRİ), Primorsk Vilayətinin Vladivostok şəhərində yerinə yetirib. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhərindəki zavodlardan birində çilingər-mexanik işləyib, eyni zamanda Azərbaycan Texnologiya İnstitutunun (indiki UTECA) axşam şöbəsində təhsil alıb. O, 2006-ci ilə qədər zavodda fəaliyyətini davam etdirib. 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olub. Ramiz Bağırov ailəli olub, iki övladı var.
Şəhidin oğlu Yusif Bağırov o dəhşətli günü və həmin tarixdən sonra başlarına gələnləri Oxu.Az-a danışıb. Yusif Bağırov bildirir ki, raket atılmadan bir neçə gün öncə ailəsini götürüb Bakıya yanına gətirmək istəyirmiş. Bacısının ailəsi və anası buna razılıq versələr də, atası “Mən evimdən heç yerə getmirəm” deyib:
“Mən işimlə əlaqədar Bakıda yaşayırdım, anamla atam isə Gəncədə idi, bacım ailəli olduğu üçün ayrı yaşayırdı. Hadisədən 3-4 gün əvvəl anamı və bacımgili götürüb Bakıya gəldim ki, vəziyyət stabilləşdikdən sonra qayıdarlar, çünki deyirdilər ki, Gəncəni hədəf alıblar, artıq üç dəfə raket atmışdılar, yenə atıla bilərdi. Mən də ailəmdən narahat idim, ancaq nə qədər təkid etsək də, atam bizimlə gəlmədi. Evini buraxmaq istəmirdi. Sonra bizə gərginliyin azaldığını, narahatlığa əsas olmadığını dedilər. Anam da bunu eşidən kimi, “Atan evdə təkdir, məni Gəncəyə göndər”,- dedi. Anamı oktyabrın 8-i Gəncəyə göndərdim, sakitlik idi, ancaq oktyabrın 10-u hər şey yenə qarışdı, 11-nə keçən gecə dostum mənə zəng vurdu ki, Gəncəyə raket atıblar, siz tərəfə düşdüyünü deyirlər”.
Bu sözləri eşidən Yusif şok vəziyyətdə nə edəcəyini bilmir, tez ailəsinə zəng edir, ata və anası telefona cavab vermədikdə narahatlığı daha da artır. Sonra dostları ilə danışır, lakin onlar da Yusifə təskinlik verə bilmir, onlar vəziyyətin çox pis olduğunu, hər yerin dağıldığını, evlərdən əsər qalmadığını deyirlər. Bunu eşidən kimi Yusif Bağırov maşına minərək Bakıdakı dostları ilə Gəncəyə yola düşür. Yolda nəhayət, anasından bir cavab ala bilir. Ancaq anası onu narahat etməmək üçün kiçik bir xəsarət aldıqlarını deyir. Yusif yol boyunca atasının ölümündən xəbərsiz olur:
“Yolda anamla danışa bildim, şükür etdim ki, salamatdılar, atamı soruşdum, anam təskinlik verdi ki, narahat olmayım, dostlarım isə atamın xəstəxanaya aparıldığını, yaralandığını dedilər. Guya atamı 3 nömrəli xəstəxanaya aparıb, əməliyyata salıblar, Gəncəyə gələnə kimi atamın şəhid olduğunu mənə demədilər ki, birdən özümü toparlaya bilmərəm. Çatanda gördüm ki, 3 nömrəli xəstəxanaya yox, maşını məscidə sürürlər. Məscidin içərisinə girəndə bildim ki, atam artıq yoxdur. Elə oradaca dünya uçdu başımıza. Erməni vəhşiliyi atamı bizdən aldı”.
Həmin gecə Yusifin anası Rəna Bağırova da ağır xəsarət alır:
“Anamın gözləri görmürdü, raketin tozu, zəhəri gözlərinə dolmuşdu, ayaqları tutulmuşdu, barmaqları qırılmışdı, ayağını, kürəyini dəmirlər kəsmişdi. İki ildir müalicə alır, iki ay əvvəl də açıq ürək əməliyyatı olundu. Hələ də vəziyyəti yaxşı deyil, daim həkimlərə müraciət edirik”.
Yusif Bağırov hadisədən dərhal sonra anasını tək qoymamaq üçün Gəncəyə köçür, üç evlərini raket darmadağın etdiyi üçün nənəsinin yanına yerləşirlər, elə iki ildir ki, orada yaşayırlar:
“Hadisədən sonra Gəncəyə köçdüm, çünki anam Bakıda qala bilmir, mən də onu tək buraxa bilmərəm. Həmin raket düz bizim evin arxasına düşdü, üç evimiz darmadağın oldu o faciədə. Ailəmizi pis hala saldılar, sənədli üç evimizdən indi əsər-əlamət yoxdur. Ağır Cinayətlər Məhkəməsi yoxlama apardı və 58 ailənin evinin dəyərini dedi, evimizə 300 min manat qiymət müəyyənləşdirdi. Mən raket düşmədən bir il əvvəl evlərin təmirinə 50 min manat pul xərcləmişdim. Ancaq bizə bir il heç bir ödəniş edilmədi, sadəcə bir il sonra, yəni ötən il 182 min manat verildi. Əlavə pul verməyəcəklərini dedilər. O pul da elə anamın əməliyyatına, müalicəyə filan xərcləndi.
Hazırda nə ev ala bilmişik, nə də tikdirmişik. Bu günədək bir dəfə də etiraz edib heç yerə çıxmamışam. Ancaq məktub yazmışam, onlar da cavabsız qalıb. Arabir gəlib sanki susmaq üçün 200-300 manat verirlər, axı mən elə adam deyiləm ki, nəyəsə görə susum, sadəcə öz haqqımız olanı dövlətimizdən istəyirik və ümid edirik ki, lazımi tədbiri görəcəklər. Bu dəqiqə biz nənəmin evində qalırıq. Mənim üçün adım, soyadım önəmlidir, burada hansısa qazanc güdmək mənim üçün ayıb olar”.
Sayad Həsənli
www.RIA24.az