Sülh müqaviləsinə uyğun olaraq dövlət sərhədi dəqiq müəyyən edilməsə, Ermənistanla Azərbaycan arasında hərbi toqquşma davam edəcək.
Bu fikirləri azərbaycanlı siyasi ekspert, analitik Orxan Amaşov Polşanın ATƏT-ə sədrliyi çərçivəsində Varşavada İnsan ölçüsü üzrə konfransda çıxışı zamanı səsləndirib.
“Azərbaycan-Ermənistan dövlət sərhədi delimitasiya olunmayıb. Qənaətim budur ki, dövlət sərhədi sülh müqaviləsinə uyğun olaraq dəqiq müəyyən edilməsə, gərginlik davam edəcək. Üstəlik, sülh danışıqlarının sürəti azalarsa, gərgin vəziyyət daha tez-tez yaranacaq”, – deyə o qeyd edib.
Cənubi Qafqazda sülh perspektivləri barədə danışan siyasi ekspert diqqəti Ermənistan və Azərbaycan arasındakı münaqişəli duruma çəkib:
“Bu gün, təəssüf ki, bizdə – Cənubi Qafqazda sülh yoxdur. Region münaqişələrlə doludur. Ümumi inkişafa əsas maneə isə Ermənistanla Azərbaycan arasında sülhün olmamasıdır. 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanat imzalanıb, lakin Azərbaycan və Ermənistan arasında bütün münaqişə məqamlarına son qoyan sülh müqaviləsi hələ də imzalanmayıb. Buna görə məsuliyyət daşıyan tərəf Ermənistandır”.
Orxan Amaşov əlavə edib ki, sülh və təhlükəsizliyin olmaması qeyri-obyektiv yanaşma, dezinformasiya şəraiti və bəzən çirkin yalanlar mühiti formalaşdırır.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.RIA24.az