Bir ailənin üç üzvünün həyatına son qoyan erməni TERRORU: “Morqda dedilər ki, ürək edəcəksənsə, bax” – FOTO

Müharibə

Ermənilərin 2020-ci ildə mülki əhalini hədəf alaraq Gəncəyə təşkil etdiyi beşinci raket hücumunda 52 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 13 nəfər isə həlak olub. Həmin terrorun qurbanları sırasında Şahnəzərovlar ailəsidir. O gecə ailənin üç üzvü – Röyal, Züleyxa və bir yaşlı Mədinə Şahnəzərova şəhid olub, bir sözlə ailə faciəsi yaşanıb. Bu gün Şahnəzərovlardan geriyə sadəcə beş yaşlı Xədicə qalıb. O da ana nənə-babasının himayəsində yaşayır. 

Tərcümeyi-hal: Şahnəzərov Röyal Yusif oğlu 1986-cı il yanvarın 18-də Gəncə şəhərində doğulub. 1992-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib.  2001-ci ildə 3 nömrəli Peşə liseyində (indiki: Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil alaraq, zərgərlik peşəsinə yiyələnib. Vəfat edənə qədər zərgər kimi çalışıb.

Şahnəzərli Züleyxa Nizami qızı 1996-ci il fevralın 19-da Samux rayonunun Seyidlər kəndində doğulub. 2001-ci ildə Samux rayon Seyidlər kənd tam orta məktəbinin birinci sinfə başlayıb, 2011-ci ildə təhsilini başa vurub. 2014-cü ildə Şahnəzərli Röyal Yusif oğlu ilə ailə həyatı qurub və evdar xanım olub. 

Şahnəzərli Mədinə Röyal qızı. 2019-cu il iyun ayının 6-da Gəncə şəhərində doğulub. 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində atası Şahnəzərov Röyal və anası Şahnəzərli Züleyxa ilə birlikdə həlak olub.

Oxu.Az-a danışan Xədicənin babası Nizami Tapdıqoğlu deyir ki, Gəncəyə ikinci dəfə raket atılanda qızı Züleyxa tez evə zəng vuraraq uşaqlar üçün narahat olduğunu deyib və ondan uşaqlarla özünü ara səngiyənədək Samuxa aparmasını istəyib. Nizami bəy də dərhal qızı ilə nəvələrini kənddəki evlərinə gətirib. Amma kürəkəni Röyalı onlarla gəlməyə heç cür razı sala bilməyib:

“Müharibə başlayanda uşaqlar qorxurdular. Biz Samuxda, qızım isə ailəsi ilə Gəncədə yaşayırdı. İkinci dəfə raket atılandan sonra mənə “Ata, gəl bizi apar”, – dedi. Mən də tez onları Samuxa gətirdim, bir neçə gün bizlə kənddə qaldılar. Oktyabrın 16-sı “Daha sakitlikdi, evə qayıdaq”, – dedi, mən də razılaşıb onları Gəncəyə apardım. Oktyabrın 17-si ermənilər təkrar raket atdılar, o da düz evlərinin üstünə düşüb. Biz yaxın olduğumuz üçün səsi eşitdik, tez uşaqlara zəng etdim, telefona cavab verən olmadı. Maşına əyləşib Gəncəyə gəldim. Gələndə gördüm ki, ev-eşik yoxdur, hər şey dağılıb. Heç toz-duman çəkilməmişdi. Bütün Gəncə orada idi, tez polisə, tibb işçilərinə yaxınlaşdım, təskinlik verdilər ki, buradan uşaq çıxardılar, sağ-salamatdır, heç kimə heç nə olmayıb. Amma görürdüm axı, hər yer viran qalmışdı, oradan sağ adamın çıxması mümkün deyildi. Sonra Xədicənin görünüşünü təsvir etdilər. “Göygöz, sarı saç qız idi, apardılar xəstəxanaya”, – dedilər, bir az ümidləndim”.

Nizami bəy bir ümid xəstəxanaları gəzir, hətta bir xəstəxanaya on dəfə gedir ki, birdən o çıxan vaxt gətirmiş olarlar. Nəhayət Gəncə Beynəlxalq Xəstəxanasında nəvəsini tapır:

“Həkimlər nəvəmin şəklini çəkib göstərdilər ki, buradadır. Amma digər nəvəmi, qızımı, kürəkənimi tapa bilmədik. Səhərə qədər bütün xəstəxanaları gəzdik, morqlara baxdıq, yenə tapmadıq. Kimin hansı xəstəxanaya aparıldığı da bilinmirdi. Morqa gedəndə “Ürək edəcəksənsə, bax”, – deyirdilər. Axı baxmalıyam, bəlkə, balalarım onların arasındadır. Amma çox dəhşətli vəziyyət idi, sellofanlarda kiminin ayağını, kiminin əlini gətirirdilər. Necə tanımaq olardı ki, bu, kimdir? Hadisə yerində dedilər ki, hamını çıxarıblar, biz də daha dağıntıların arasına baxmadıq, sən demə, orada qalıblarmış”.

Nizami bəy qızıgilin cəsədinin səhərə yaxın tapılıb morqa gətirildiyini deyir. Bu gün Xədicə onlarla yaşayır. Həmsöhbətimiz bildirir ki, beş yaşlı körpə icra hakimiyyəti və “YAŞAT” Fondunun dəstəyi ilə Gəncə Dünya Məktəbinə məktəbəqədər hazırlıq üçün gedir. Xədicə icra hakimiyyətinin təyin etdiyi komissiyanın qərarı ilə onlara verilib:

“Xədicənin himayəmizə verilməsi məsələsi isə bizim və ya qarşı tərəfin istəyi əsas alınaraq olmadı. İcra hakimiyyəti komissiya ayırdı, gəlib hər iki tərəfin vəziyyətinə baxdılar, sonra bizdə qalmasının daha məqbul olduğuna qərar verildi və həmin vaxtdan nəvəm bizimlədir. Dağıntı səbəbi ilə kompensasiya isə qarşı tərəfə ödənilib, çünki ev onların idi. Bildiyim qədərilə, dövlət yardımı ilə evi təzədən bərpa ediblər. Evin nəvəmə qalması məsələsiylə bağlı da müraciət etdikdə bildirildi ki, 18 yaşına çatandan sonra gəlib evdə yaşaya bilər, bu evdə onun payı və yaşamaq hüququ var”.

Sayad Həsənli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir