Dünya azərbaycanlıları Ermənistanın şəhərlərimizi bombalamasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb

Müharibə

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində Gəncə, Bərdə, Tərtər, Naftalan və digər Azərbaycan şəhərlərinin bombalanmasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanat müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, parlament üzvlərinə, beynəlxalq təşkilatlara və onların yerli nümayəndəliklərinə ünvanlanıb.

Bəyanatda deyilir:

“Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində Azərbaycan şəhərlərinin Ermənistan silahlı qüvvələri tərəfindən bombalanması nəticəsində həlak olanların xatirəsini ehtiramla anır, insanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, bu qanlı cinayətləri törədənlərin hələ də məsuliyyətə cəlb olunmamasından təəssüf hissi keçirdiyimizi bildiririk.

Qeyd etmək istərdik ki, Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayan ərazi iddiaları və hərbi təcavüzü 1992-1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi ilə yekunlaşdı. Nəticədə 250 min nəfəri Ermənistan ərazisindən qovulmaqla 1 milyona yaxın dinc azərbaycanlı öz evini tərk etmək məcburiyyətində qaldı, on minlərlə azərbaycanlı öldürüldü, XX əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımı törədildi, Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndi yer üzündən silindi, işğal olunmuş əraziləri minalarla çirkləndirildi.

Təəssüf ki, Azərbaycan torpaqlarının işğalını dayandırmaq üçün böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Ermənistana ciddi təzyiqlər göstərilmədi. Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə sülh prosesinə və atəşkəs sazişinə sadiq qalaraq, münaqişənin dinc yolla nizamlamasına cəhd etsə də, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin dərhal boşaldılması barədə BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməkdən imtina etdi.

Azərbaycan torpaqlarının işğalına Ermənistanın təmas xəttindəki təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə son qoyuldu. Azərbaycan dövləti hərbi-siyasi yollarla BMT qətnamələrini yerinə yetirərək, işğal olunmuş əraziləri azad etdi. Müharibə dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın ikinci böyük şəhəri Gəncə başda olmaqla münaqişə zonasından və cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Naftalan, Bərdə, Tərtər, Mingəçevir və Yevlax şəhərlərini, Goranboy, Ağcabədi, Beyləqan, Qəbələ, Abşeron və Xızı rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçdi, müxtəlif növ silahlarla, o cümlədən ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalarla atəşə tutaraq insanlıq əleyhinə müharibə cinayətləri törətdi. Nəticədə 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixlərində Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak oldu, 454 vətəndaş yaralandı, yaşayış binalarına, tarixi-mədəni və dini abidələrə, nəqliyyat vasitələrinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəydi. Ermənistan silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədi daha çox insanın həyatına son qoymaq olduğundan, şəhər və rayonların mülki şəxslərin kompakt yaşadığı hissələri xüsusən gecə saatlarında hədəfə alındı. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq normalarına və humanizm prinsiplərinə sadiq qalaraq mülki əhalini hədəf seçmədi, hərbi əməliyyatları yalnız işğal olunmuş Azərbaycan ərazilərində davam etdirdi.

Təəssüflər olsun ki, dəfələrlə tərəfimizdən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən mülki əhaliyə qarşı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin müəyyən edilərək cəzalandırılması ilə bağlı müraciətlər edilməsinə baxmayaraq, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətlərində iştirak etmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə əməllərinə hələ də beynəlxalq hüquqi qiymət verilməyib. Bu cinayətlərin törədilməsindən iki il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar qeyd olunan faktların araşdırılması istiqamətində heç bir addım atmayıblar.

Dünya azərbaycanlıları bu faktları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə bir daha çatdıraraq, qətiyyətlə bəyan edir ki, Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidirlər. Biz müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırırıq”.

Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi, post-müharibə dövründə də Ermənistanın təxribatları və müharibə cinayətləri, o cümlədən mina xəritələrinin verilməməsi, 12-14 sentyabr 2022-ci il təxribatları və Edillidə kütləvi məzarlıqların tapılması ilə bağlı müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, parlament üzvlərinə, beynəlxalq təşkilatlara və onların yerli nümayəndəliklərinə ünvanlanan bəyanatlar yayaraq, Ermənistanın təxribatları və müharibə cinayətlərinə daha böyük miqyasda hüquqi-siyasi qiymət verilməsini gözlədiklərini bildiriblər”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir