“Çəkiliş etdiyim zaman bir an diqqət yetirdim ki, xilasedicilər dağıntılar içərisində insan hissələri toplayırlar”.
Bunu “Report”un Qərb bürosuna müsahibəsində Vətən müharibəsi zamanı oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılmış raket nəticəsində dağıntıların baş verdiyi ərazilərdə xilasetmə işlərini foto və videogörüntülərlə sənədləşdirən Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Elnur İmanov bildirib.
“Hadisə yerinə çatanda toz-dumandan, raketin yaratdığı zəhərli havadan hərəkət etmək çətinləşmişdi. Çox ağrılı-acılı bir hiss idi. Çəkdiyim fotolara hər dəfə baxdıqda sanki həmin gecəni yaşayıram. Ermənilərin törətdikləri bu müharibə cinayəti heç bir qaydalara sığmır. Hadisələrin üstündən iki il keçməsinə baxmayaraq, biz bu gün də o anları xatırlayırıq. Orada dağıntılar altından çıxarılan tanınmaz nəşlərin kadrlarını çəkmək isə mənə çox ağır idi. Oktyabrın 11-də və 17-də törədilən terror hadisələrində yaşananlar dəhşətli idi. Yaxınlarını itirən insanların onları adları ilə çağırıb ümidlə axtarması, sonradan nəşləri tapılanların yaxınlarının fəryadları unudulmazdır. İnsanların dağıntılar altından çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin bir neçə qurumu işə cəlb olunmuşdu. Hamının çalışdığı o idi ki, vətəndaşlarımızı dağıntılar altından sağ çıxarsınlar. Təəssüf ki, ballistik raketin düşməsi nəticəsində yaranmış dağıntıların altında onlarla dinc sakin şəhid oldu”.
Onun sözlərinə görə, həmin ərəfələrdə yaxınlarını itirən, böyük partlayış səslərindən qorxuya düşən insanlar böyük psixoloji problemlər yaşayırdılar:
“Bununla bağlı nazirliyimiz tərəfindən psixoloji mərkəz yaradılmışdı və psixoloqlar bu cür vətəndaşlarımıza dəstək göstərirdilər”.
E.İmanov onu da bildirdi ki, hazırda da həmin psixoloji mərkəz fəaliyyət göstərir və zərərçəkmiş vətəndaşlar, onların yaxınları, dəhşətli anları görmüş hər kəs Fövqəladə Hallar Nazirliyinin “112” “qaynar xətt”inə zəng etməklə qeydiyyata düşərək psixoloji mərkəzə gedərək ödənişsiz psixoloji yardım ala bilərlər.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
www.RIA24.az