“Erməni terroru üç yaxınımı bizdən aldı”.
Bunu “Report”un Qərb bürosuna Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncədə törədilən terror hadisəsinin zərərçəkənlərindən olan Nizami Ağayev bildirib.
O, 17 oktyabr 2020-ci il gecə saatlarında törədilən terror nəticəsində qızını, kürəkənini və yaş yarımlıq nəvəsini itirib:
“Mənim qızım Züleyxa Şahnəzərova, kürəkənim Röyal Şahnəzərov və yaş yarımlıq Mədinə nəvəm şəhid olublar. Onlardan bizə sadəcə Xəticə adlı qızları yadigar qalıb. Biz Samuxda qalırıq, hadisədən bir gün əvvəl bizdə idilər. Dedilər ki, daha ermənilər Gəncəyə atmırlar, gedək evimizə. Getdilər, səhəri günü gecə saatlarında onların yaşadığı ev düşmən tərəfindən atılan ballistik raket nəticəsində darmadağın oldu və belə bir faciə baş verdi. Həmin gecə erməni terroru nəticəsində mənim yaxınlarımla yanaşı onlarla insan şəhid oldu. Şükür Xəticə xəsarət alsa da, dağıntılar altından sağ çıxarıldı”.
N.Ağayev qeyd edib ki, Xədicə tez-tez nənəsindən, xalasından ata-anasını, bacısını maraqlanır:
“Uşağa verəcək cavabımız da yoxdur. Hər dəfəsində bir sözlə ona təsəlli veririk. Ermənilər qədər vəhşi bir xalq tanımıram, onlar Xəticə kimi balaları ata-anasız, qardaş-bacısız qoyublar. Mənim kimi atalara da övlad acısı yaşadıblar. Arzum odur ki, bunlar bir daha yaşanmasın”, – deyə N.Ağayev bildirib.
Qeyd edək ki, 17 oktyabr 2020-ci il tarixində Gəncə şəhər Muxtar Hacıyev küçəsinə Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raket atılıb. Bu terror hadisəsi nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb, onlarla evlər dağılıb, binalara və digər infrastruktura zərər dəyib.
www.RIA24.az