Ailəsinin dörd üzvü şəhid olan Gəncə sakini: “Dağıntılardan sağ çıxdığım üçün sevinə bilmirəm” – FOTO

Müharibə

Ermənistan tarix boyu Azərbaycana qarşı terror aktları, soyqırımları və faciələr törədib. Azərbaycan tarixinin qanlı səhifəsində çoxlu sayda erməni izləri mövcuddur. Ölkəmizin yaxın tarixində erməni terrorunun təzahürü olan hadisələr isə kifayət qədərdir. İki il əvvəl Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycanın mülki əhalisini, döyüşlərin baş verdiyi ozamankı cəbhə xəttindən xeyli uzaqlarda yerləşən rayon və şəhərləri bombalaması buna misaldır. Həmin vaxt erməni terroruna məruz qalan Azərbaycan şəhərlərindən biri də Gəncədir. Ümumilikdə, 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumuna məruz qalan Gəncənin bu qanlı hadisələrə şahidlik etməsindən artıq iki il ötür. Gəncə terroru sakinlərin xatirələrində də qorxulu olay kimi qalıb.

Həmin dəhşətli günlərlə bağlı “Report”un Qərb bürosuna təəssüratlarını bölüşən şəhər sakini Ramiz Qəhrəmanov hadisə zamanı ailəsinin erməni terroruna məruz qaldığını bildirib.

Belə ki, iki il əvvəl ermənilər tərəfindən Gəncə şəhərinə atılan ballistik raket nəticəsində şəhid olanlardan 4-ü Ramiz Qəhrəmanovun ailə üzvləridir.

Hadisə zamanı ağır faciələrlə üzləşdiyini xatırladan müsahibim həmin axşamı həyatının ən dəhşətli gecəsi adlandırıb.

Şəhərin Muxtar Hacıyev küçəsində yaşayan R.Qəhrəmanovun sözlərinə görə, hadisə zamanı bütün ailə üzvləri ilə birlikdə yuxuda olublar:

“Həmin gecə mən digər otaqda yatmışdım, qızım və üç nəvəm isə başqa otaqlarda yatmışdılar. Yuxuda olan zaman birdən güclü partlayış səsi eşitdim. Ayıldım ki, gecənin bu vaxtı göyün üzü – səma açıq-aydın görünür. Nə baş verdiyini anlamağa çalışırdım, elə yataq paltarı ilə bir təhər dağıntı altından çıxıb ətrafa baxdım: hər tərəf dağılmışdı. Qulaqlarım heç nə eşitmirdi. Gözüm isə qızımı, nəvələrimi axtarırdı. Sonradan bildim ki, onlar dağıntılar altında qalıblar”.

Həmin gecə 34 yaşlı qızını, eləcə də 18, 12 və 7 yaşlı nəvələrini itirdiyini deyən R.Qəhrəmanov dünya ictimaiyyətini erməni terroruna son verməyə çağırıb:

“Şəhid olan ailə üzvlərimin heç bir günahı yox idi. Bu günahsız uşaqları yuxuda olanda öz evlərində qətlə yetirdilər. Ermənilər müharibə cinayəti törədərək dinc sakinlərin canına qəsd ediblər. Onlar gərək öz cəzalarını daha ağır şəkildə alsınlar. Bu gün mən həmin dağıntıların altından təsadüfən sağ çıxarıldığım üçün sevinə də bilmirəm. Çünki 4 ailə üzvüm şəhid olub. Onları düşünməkdən xəstəlik tapmışam. Bəlkə də onların yasını saxlamaq üçün Allah məni o hadisədən sağ çıxartdı. Həmin dəhşətli gecədən iki il keçməsinə baxmayaraq, sanki bu gün yaşanmış hadisə kimi ağlımdan və gözlərimin önündən getmir”.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri növbəti dəfə 2020-ci ilin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raket hücumuna məruz qalıb. Raketlər şəhərin Muxtar Hacıyev küçəsində bir çox evin yerləşdiyi əraziyə düşüb. Bu terror aktı nəticəsində onlarla günahsız insan şəhid olub, çox sayda insan isə yaralanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir