Ağdam ilə Xirosima şəhərləri arasında əməkdaşlıq inkişaf etdiriləcək.
“Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti 166 ölkədən 8 123 şəhərin üzv olduğu “Mayors for Peace” təşəbbüsünün 10-cu ümumi konfransında iştirak çərçivəsində Yaponiyanın Xirosima şəhərinə səfər edib.
Konfransdan öncə xüsusi nümayəndə Emin Hüseynov ilə Xirosima şəhərinin meri Kazumi Matsui arasında görüş keçirilib. Görüş zamanı Ağdam rayonun tarixi və mədəniyyəti, 30 il ərzində torpaqlarımızda törədilən vandalizm aktları, 44 günlük şanlı Vətən müharibəsində qazanılan qələbə və hazırda davam edən yenidənquma və bərpa prosesləri haqqında məlumat verilib, gələcəkdə Ağdam ilə Xirosima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret məsələlər müzakirə olunub.
Görüşdən sonra “Mayors for Peace” təşəbbüsünün 10-cu ümumi konfransı fəaliyyətə başlayıb. Konfrans müddətində xüsusi nümayəndə Emin Hüseynov ilə “Mayors for Peace” təşəbbüsünə üzv olan digər şəhərlərin merləri ikitərəfli əlaqələrin inkişafı üzrə müzakirələr aparıblar. Daha sonra qonaqlar Xirosima şəhərində nüvə silahı qurbanlarına həsr olunan abidənin önünə əkil və gül dəstələri qoyublar.
Qeyd etmək istərdik ki, 2008-ci ildə Ağdam şəhəri “Lonely Planet” nəşri tərəfindən “Qafqazın Xirosiması” adlandırılıb.
www.RIA24.az