“Müharibə elədir ki, orada yaşananlar heç vaxt unudulmur. Hər anı xatirəmdədir. Hər il eyni hissləri yaşayıram. Sanki həmin günü anbaan yaşayıram”.
Bu sözləri Oxu.Az-a müsahibəsində Vətən müharibəsi iştirakçısı İlham Ağazadə deyib.
Tərcümeyi-hal: Ağazadə İlham İlqar oğlu 1995-ci il sentyabrın 21-də Lerik rayonunun Qılqılov kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib. 2013-cü ilin oktyabr ayında hərbi xidmətə yollanıb. 2015-ci ildə xidmət dövrünü başa vurub.
– Döyüşə yollanmağınızdan danışaq. İkinci Qarabağ müharibəsinə nə zaman qatıldınız?
– Məni sentyabrın 21-də hərbi komissarlığa çağırdılar. Elə həmin gün cəbhəyə yola düşdüm. 23-ü məlumat verildi. Sentyabrın 26-da ön xəttə yollandıq. Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azad olunmasında iştirak etmişəm. 5 medalla təltif olunmuşam.
– Ailəniz müharibəyə getdiyinizdən xəbərsiz imiş. Onlara nə zaman döyüşə qatıldığınızı bildirdiniz?
– Düzdür, ailəm müharibəyə getdiyimi bilmirdi. Müharibənin başlandığını televizordan öyrəniblər. Onlar təlimə qatıldığımı zənn edirdilər. Daha sonra telefonla danışanda dedim ki, “məndən nigaran qalmayın”.
– Müharibədə ən yadda qalan hansı anları xatırlayırsınız?
– Orada yaşadıqlarım hər zaman mənimlə olacaq. Unudulası anlar deyildi. Hər birini dünənki kimi xatırlayıram. Ən kədərlisi müharibə bitdiyi gün sinif yoldaşımın şəhid olması xəbərini almağım oldu. Özümə gələ bilmirdim. Eyni yerdə döyüşmürdük. Fərqli ərazilərdə idik.
– Səhv etmiriksə, öz doğum gününüzdə cəbhəyə yollanmısınız. Həmin gündən danışaq.
– Öz doğum günümdə məni Hərbi Komissarlığa çağırdılar. Ağlıma gəlməzdi ki, nə zamansa belə təsadüf olar. Həmin gün yola düşdük. O vaxtdan da doğum günümü keçirmirəm.
– Döyüşə yollananda nişanlı olmusunuz. Ölüm-dirim savaşında idiniz. Hər şey ola bilərdi. O anlarda ağlınıza kimlər gəlirdi?
– Müharibəyə getməmişdən iki ay öncə nişanlanmışdım. Ailəmi düşünürdüm. Bunları danışmaqda çətinlik çəkirəm. Elə bir şeydir ki, danışmaq olmur. Ağlıma hər şey gəlirdi. Şəhid olsam, nələr olacağını düşünürdüm.
– Müharibə sizin həyatınızda nələri dəyişdi?
– Çox şeyi dəyişib. Ən əsas oradan özümə can yoldaşları qazandım. Müharibə elədir ki, hamı bir-birinə dəstək olur. Yanımda döyüş yoldaşlarımdan biri qazi oldu, çox təsir etdi.
– Qələbə xəbərini eşidəndə hansı hissləri keçirdiniz?
– Həmin gün Zəngilanda idik. Yüksəkliyi ələ almışdıq. Hazır vəziyyətdə gözləyirdik. Təyinatımız başqa yerə idi. Rabitədən eşitdik ki, “düşmən təslim oldu”. O hissləri ifadə edə bilmirəm. Həm sevinc, həm də kədərli idi. Qələbə sevinci həddən artıq çox idi. Çəkdiyimiz əziyyətin 50 faizini mülki camaat çəkib.
– Son baş verən təxribatlardan xəbərdarsınız. Sizcə, yenidən iki il öncəyə qayıdacağıqmı?
– Sentyabrın 12-dən 13-ə keçən gecə baş verənlər məni iki il öncəyə qaytardı. Hətta hərbi xidmətə könüllü şəkildə müraciət etdim. Qardaşlarımızla birlikdə döyüşmək üçün müraciət etdim. Hələ ehtiyac olmadığını dedilər. Hər an qardaşlarımızın yanında olmağa hazırıq. Əsgərlərimiz möhkəm olsunlar. Hər biri sağ-salamat geri dönsün.
Nəzrin Vahid
www.RIA24.az