Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 31-də Rusiyada gözlənilən görüşü ABŞ-ni bir qədər incik salıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays: “Biz hər iki lideri onlara uyğun istənilən formatda görüşməyə çağırmışıq”, – deməklə həmin incik notları bəyan etdi.
Ümumilikdə isə Rusiyanın özündə də görüşün baş tutmayacağına dair versiya, möhkəm olmasa da, mövcuddur, bunu Kremlin mətbuat katibi Dmitri Peskovun növbəti “Moskva mərkəzli” danışıqlara ümid etməsi tezisində görmək mümkündür.
İndiki mərhələ Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin ilkin detallı demo variantının Rusiya və ABŞ üçün nələri vəd etdiyi üzərində fikirlərə fokuslanmaq zərurətini meydana çıxarır.
Ən vacib isə ABŞ ilə Rusiyanın Cənubi Qafqazda didişdiyi platformada Azərbaycanın hansı nöqtədə dayanmasıdır.
İstər Vaşinqtonun, istərsə də Rusiyanın təqdim etdiyi sülh modelində Azərbaycanın xeyrinə məqamlar çoxdur, lakin elə hər iki supergücün Bakının maraqlarına uyğun olmayan təhlükəli tezisi də var.
Gedən proseslərin alt qatında gizlənənləri və dərinlikdəki mətləblərin bəzi aşkar təzahürlərini təhlil etsək, Bakının qarşı olduğu iki əsas xəttin önə çıxmasına köklənə bilərik.
Bunlardan biri episentri ABŞ olan təhlükədir, belə ki, ən çox Vaşinqton və onun Cənubi Qafqazla bağlı çağırışlarının yedəyinə qoşulan Fransa Qarabağdakı ermənilərə status istəyir ki, həmin meyil Azərbaycanın suverenlik və təhlükəsizliyi üçün təhdid elementidir.
Digər tərəfdən, ABŞ Azərbaycanın Ermənistanla sərhəddən qoşunlarını geri çəkməkdə maraqlıdır, lakin bu, Bakı üçün prinsipial bir mövqe deyil.
Rusiya mərkəzli təhlükə isə Kremlin Qarabağda rus icması yaradıb onu şişirtməsi cəhdləridir, açığı, zənnimcə, bu, Moskvanın regionda ordu saxlamasından daha həyəcanlıdır.
Rusiyanın Ukraynadakı müharibədə düçar olduğu bir sıra uğursuzluqlar həmin meyli körükləyə bilər, hərçənd ki, Azərbaycanın masadakı və təhlükəsizlik mühitindəki qırmızı cizgiləri heç zaman aktuallığını itirməyəcək.
Azərbaycanla Rusiya arasında son günlər yüksək səviyyəli media platformalarındakı qarşılıqlı ittihamlar da həmin motivlərlə bağlı ola bilər, Moskva elə düşünür ki, Bakı ABŞ-nin təqdim etdiyi sülh modelinə üstünlük verir – status məsələsini çıxmaq şərtilə.
ABŞ ilə Rusiyanı regionda kəllə-kəlləyə gətirən digər proses Azərbaycan Ordusunun sərhəddə irəliləməsidir, Moskva bunu dəstəkləsə də, ABŞ bu dəstəyin Kremldən gəldiyini həzm edə bilmir və delimitasiya prosesindən irəli gələn rıçaqları əlində cəmləşdirmək istəyir.
Əliyevlə Paşinyanın Rusiyada gözlənilən görüşünün (Soçidə bir araya gələcəkləri ehtimalı var) təsvirinə gəlincə, Azərbaycan tərəfi qlobal oyunçuların hərisliklərinin artmasına baxmayaraq, yenidən öz şərtlərini masanın üstünə qoyacaq.
Ermənistan isə itirməkdə davam edəcək, ən azından, iki səbəbə görə:
1. ABŞ Azərbaycan Ordusunun irəliləməsinə qarşı çıxacaq əsaslı addımlardan çəkinəcək. Çünki Vaşinqton Bakı ilə strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrini İrəvanın ayağına vermək meylinə getməz.
2. Onsuz da Rusiya Ermənistanı “eşafot”a çıxarıb onu sərt cəzalandırmaq istədiyindən o da Bakının maraqlarına üstünlük verəcək.
Aqşin Kərimov
www.RIA24.az