Ermənistanın Vətən müharibəsi zamanı Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin keçirdiyi “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfransın iştirakçıları bəyanat yayıblar.
“Report”un Qarabağ bürosu xəbər verir ki, bəyanatda deyilir:
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz işğalçı Ermənistan ordusunun təxribatının qarşısının alınması və əks-hücum əməliyyatları ilə 30 ildən sonra torpaqlarımızı işğaldan azad etdi və Ermənistan ordusu döyüş meydanında darmadağın edildi.
44 günlük Vətən müharibəsi ərzində Ermənistan döyüş meydanında yaşadığı məğlubiyyətin əvəzini hər zaman olduğu kimi mülki əhalidən çıxmağa və əhali arasında qorxu yaratmağa çalışdı.
Döyüş bölgəsindən 100-lərlə kilometr aralıda yerləşən və mülki əhalinin sıx yaşadığı şəhər və rayonlar hədəfə alındı və müxtəlif vaxtlarda ballistik raketlərlə bombalandı. Bərdə rayonu ərazisi də 27-28 oktyabr 2020-ci il tarixlərində Ermənistan tərəfindən bombalandı. Hücumlar nəticəsində 27 mülki şəxs şəhid oldu, 100-ə yaxın insan yaralandı.
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi haqlı olaraq “soyqırımı, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir” adlandırılır. Azərbaycanın dinc sakinlərinin hədəfə alınması və raket atəşinə tutulması bəşəriyyət əleyhinə yönəlmiş cinayətdir. Ermənistan 1992-ci ildə Xocalıda törətdiyi soyqırımı və terror taktikasını 2020-ci ildə də davam etdirdi və bu dəfə artıq müasir növ ballistik raketlərdən istifadə edərək çoxsaylı dinc azərbaycanlının qətlə yetirilməsinə səbəb oldu.
Ümumilikdə 44 günlük Vətən müharibəsi ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Bərdə rayonunun bombalanması hadisəsindən 2 il vaxt ötsə də, hadisəni törədən Ermənistan cəza almamaqla yanaşı, müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunur. Bu müddət ərzində bəzi dövlətlərin, beynəlxalq qurumların bəzi təmsilçiləri Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycan dövlətinə, Azərbaycan ordusuna iftira atırlar. Xüsusən Fransa 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanın maraqlarını qorumuş və 2020-ci il Vətən müharibəsindən sonra da bu prosesi davam etdirib. Ötən 30 il ərzində Fransanın Azərbaycana qarşı münasibəti açıq aydın ortada olub və onların sülh quruculuğu prosesində iştirakı əslində sülhün əleyhinədir. Biz qeyri-hökumət təşkilatları olaraq bir daha bildiririk ki, Fransa heç bir halda Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilməz.
Biz, – “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfransın iştirakçıları Bərdə rayonu ərazisində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qurbanlarının əziz xatirələrini dərin hüznlə yad edir, 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirir və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik”.
Qeyd edək ki, Ermənistanın Vətən müharibəsi zamanı Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbir Bərdə şəhər Mədəniyyət Mərkəzində baş tutub. Qeyd olunan bəyanat konfransın yekunu olaraq iştirakçılar adından səsləndirilib.
www.RIA24.az