29 il əvvəl 54 gün erməni mühasirəsində qalmış soydaşlarımıza həsr edilən sənədli film çəkilib.
Oxu.Az xəbər verir ki, bu gün “28 Mall” “Cinemaplus” kinoteatrında 3 aya yaxın bir dövrdə ərsəyə gələn filmin təqdimatı keçirilib.
Film 1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlıdır. Sənədli film “Parabüzən” adlanır.
İdeyası “Report” İnformasiya Agentliyinə məxsus olan “Parabüzən” adlı sənədli film “Global Media Group”un maliyyə və texniki dəstəyi ilə ərsəyə gəlib.
Filmin direktoru Fuad Hüseynəliyev, quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri İmdad Əlizadə, operatoru Ağa Nağıyev, montajçı Arzum Nuruşzadədir.
Filmdə istifadə edilən dron çəkilişləri də Ağa Nağıyev tərəfindən aparılıb.
“Parabüzən” qısametrajlı sənədli filmin təqdimat mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, digər dövlət rəsmiləri, deputatlar və filmdə çəkilən şəxslər iştirak ediblər.
Kadrlar 19 nəfərin mühasirəyə düşdüyü yerdə – Kəlbəcərin Çaykənd kəndində, mühasirədə qaldıqları ərazidə – Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yerdə – Laçının Güləbird kəndində lentə alınıb.
Həmin 19 nəfərin mühasirəyə düşməsi, 54 gün ərzində düşməndən necə gizlənməsi, mühasirədən hansı yolla çıxması da filmdə öz əksini tapıb.
Filmin direktoru Fuad Hüseynəliyev bildirib ki, bu film 54 gün erməni mühasirəsində qalan soydaşlarımızdan bəhs edir:
“Mühasirəyə düşənlər arasında qadınlar, yaşlılar da var idi. Onlar 54 gün mühasirəni yarmağa çalışıblar, bəzi yerlərdə hətta döyülüblər. Lakin mühasirəni yarmaq mümkün olmadığı üçün sağ qalmaq üçün mübarizə aparıblar. Bu mövzuda daha əvvəl də film çəkilmişdi, lakin o vaxt biz hadisələrin yaşandığı ərazilərə gedə bilməmişdik. Lakin artıq torpaqlarımız işğaldan azad edildikdən sonra biz mühasirədə qalmış şəxslərlə birlikdə hadisələrin yaşandığı ərazilərə gedərək, 29 il əvvəl baş verənləri sənədli filmə çevirdik. Çox şadam ki, biz bu filmi hadisələrin yaşandığı yerlərdə lentə aldıq”.
Filmin prodüseri İmdad Əlizadə isə qeyd edib ki, filmdə göstərmək istədikləri əsas məqam ermənilərin istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində dinc sakinlərə qarşı törətdikləri zülmü ictimaiyyətə göstərməkdir:
“Bu filmin çəkilişlərinə 3 ay öncə başladıq. Film Kəlbəcər və Laçın rayonları ərazilərində lentə alınıb. Həmin yerlərə yenidən getmək, o hissləri yenidən yaşamaq başqa bir duyğudur. Bunu sözlə ifadə etmək çətindir. Bu film Ermənistanın Azərbaycana, mülki vətəndaşlara qarşı törətdiyi terror aktını, qeyri-insanı davranışları, hərbi təcavüzünü göstərdiyi sənədli filmdir. Bu, heç bir ssenaristin, rejissorun təxəyyülünün məhsulu deyil, filmdə çəkilənlər də aktyorlar deyillər. Bu film 19 nəfərin 54 gün ərzində erməni mühasirəsində nələr yaşadıqları, necə həyatda qalmağa çalışdıqlarından bəhs edir. Real hadisələrin lentə alındığı bu film kimi bir çox filmlərin lentə alınması düşünürəm ki, önəmlidir. Çəkilişlərə iyul ayında başladıq və bu yaxınlarda yekunlaşdırdıq. Bu gün isə filmi ictimaiyyətə təqdim edirik”.
İ.Əlizadə torpaqlarımızı azad edən Azərbaycan ordusuna, Ali Baş Komandana təşəkkür edib:
“Çox şükür ki, artıq Qarabağ azaddır. Ali Baş Komandan İlham Əliyevin və güclü Azərbaycan Ordusunun sayəsində biz artıq istədiyimiz zaman torpaqlarımıza gedə bilirik. Filmi çəkməkdə qayəmiz odur ki, hər kəs bilsin ki, Azərbaycanın dinc sakinləri Ermənistanın bu cür vəhşiliyinə məruz qalıblar”.
Filmin adının nə üçün “Parabüzən” olmasına isə filmin quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev aydınlıq gətirib. O deyib ki, filmin adı da İmdad Əlizadənin atasının qayıtması üçün parabüzənə dua etməsi hadisəsindən götürülüb:
“Çox qəribə olsa da, bu təsadüfi və ya mistik hadisə gerçəkdir. Hər kəs mühasirəyə düşənlərin Kəlbəcər tərəfindən gələcəyini gözləsələr də, həmin parabüzən hər kəsin düşündüyünün əksinə, tam fərqli istiqaməti göstərib. Bu, dəfələrlə belə davam edir. İlahi qüvvədir deyə düşünürəm. Hətta İmdad bir müddət parabüzəndən küsür, bu, özü də çox təsirli məqamdır. Nəticədə isə həqiqətən də mühasirədən qayıdan 19 nəfər məhz parabüzənin göstərdiyi istiqamətdən qayıdıblar. Biz çalışdıq ki, bu filmdə 19 nəfərin 54 gün ərzində həyata tutulmasını, bir-birinə dəstək olmasını göstərir. 29 il sonra bizə bu ərazilərə yenidən qayıtmağı isə Ali Baş Komandanın tapşırığı altında Azərbaycan Ordusu yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.
Daha çox şəkil burada: Photostock.az
Könül Cəfərli
www.RIA24.az