Toivo Klaar: “Sərhədlərin açılması və ticarətin bərpası Cənubi Qafqazın hər üç respublikası üçün faydalıdır”

Müharibə

“Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülh prosesinin bütün mərhələlərində fəal iştirak edir”.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

T.Klaar qeyd edib ki, bunun ən bariz sübutlarından biri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin dörd görüşünü keçirməsidir.

Onun qeyd etdiyi kimi, Aİ-nin fəaliyyətinin əlamətlərindən biri də şərti sərhədlər boyu müşahidə missiyasının yerləşdirilməsidir.

“Missiya dəstək potensialımızı artıracaq. Bundan əlavə, buradakı fiziki mövcudluq baxımından Aİ sülh və sabitliyə sadiqliyini nümayiş etdirir, həmçinin Aİ-nin Ermənistan və Azərbaycana sülhə nail olmaqda kömək etmək missiyasına ciddi yanaşdığını nümayiş etdirir”, – deyə xüsusi nümayəndə əlavə edib.

Klaar vurğulayıb ki, missiyanın müddəti iki aydır.

“Vəsait Gürcüstandakı müşahidə missiyasının büdcəsindən ayrılıb. Biz bunu uzun müddətə yox, qısa müddətə edə bilərik”, – deyə avropalı diplomat hesab edir.

Toivo Klaar ümid edir ki, monitorinq missiyası Brüsseli yerlərdəki vəziyyət barədə daha yaxşı məlumatlandıracaq, beləliklə, sülh prosesi daha effektiv şəkildə təşviq oluna bilər.

Onun sözlərinə görə, Cənubi Qafqazın hər üç ölkəsi, o cümlədən Gürcüstan iqtisadi imkanlarını itirir. Odur ki, sərhədlərin açılması, rabitə əlaqəsi, ticarətin bərpası regionun hər üç respublikasına sərf edir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir