Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi Vətən müharibəsində ölkəmizin qələbəsini təmin edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini daşnak tör-töküntülərindən təmizləyib.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Qalib xalq, qalib Ordu
Bununla yanaşı, Rəşadətli Ordumuz 44 gün ərzində Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Qəhrəman Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək düşməni diz çökdürüb, işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur qoyub. Bunun ardınca Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılıb. Beləliklə də qəhrəman əsgər və zabitlərimiz, şəhidlərimiz qanları və canları bahasına Azərbaycanın şanlı qəhrəmanlıq salnaməsini yazıblar. Xalqımız qalib olduğunu bütün dünyaya sübut edib.
Qüdrətimizin və milli qürurumuzun təntənəsi
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əldə olunduğu tarix – noyabrın 8-i hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Artıq iki ildir bayram sevinci yaşadığımız Zəfər Gününün ölkəmiz və regionumuz üçün əhəmiyyətini “Kaspi” qəzetinə şərh edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, 8 Noyabr – Şanlı Zəfərimiz, qürur mənbəyimizdir. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunur. Deputat vurğulayıb ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh, qürur hissləri yaşayır. Onun fikrincə, bu zəfərlə hərbçilərimiz Ermənistanın 30 illik işğalına son qoyub, torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarix yazıb.
Düşmən üzərində tarixi zəfər
C.Məmmədov 8 Noyabr tarixinin Ali Baş Komandanımızın və Rəşadətli Ordumuzun Şuşanı işğaldan azad etdiyi gün olduğunu xatırladıb: “2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır! Noyabrın 8-nin ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunmasına gəldikdə isə, Prezident İlham Əliyevin bununla bağlı Sərəncamında qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.
İnsanların taleyini dəyişən Zəfər
Millət vəkili, Əməkdar müəllim Pərvin Kərimzadə söyləyib ki, xalqımız Ali Baş Komandanın əmri ilə müharibə dövründə öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bilib. Qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbə milli birliyimizin Qələbəsidir: “44 günlük Vətən müharibəsi Azərbaycan xalqının böyük milli potensialını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni “Dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi, Azərbaycan tarixinə şərəfli səhifələr yazdı. Biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni səhifədən başlayan bir Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaq”.
www.RIA24.az