Vətən müharibəsinin ilk günlərində Ermənistanın Gorusda yerləşən Birinci ordu korpusu, bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları və Hadrut diviziyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün bir plan qurmuşdu. Hətta Ermənistanın ordu komandanlığı siyasi rəhbərliyi əmin etmişdi ki, qurulan tələ ilə onlar bir neçə gün ərzində Azərbaycan Ordusu üzərində böyük qələbə qazanacaqlar. Ancaq Dövlət Təhlükəsizliyi Xidməti bunun qarşısını yüksək peşəkarlıqla alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Qartal Zirvədə” adlı sənədli filmdə söhbət açılıb.
Filmdə DTX mənsubu deyib ki, adıçəkilən 3 qurum tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin 3 briqadadan ibarət bölmələrinin pusquya salınması ilə bağlı plan qurulmuşdu.
Plana əsasən, hərbçilərimiz Araz çayı boyunca irəliyə buraxılmalıymış və onların 3 istiqamətdən, əsasən, Horadiz tərəfdən arxa təminat yolu bağlanmalıymış.
Beləliklə, hərbçilərimiz mühasirəyə salınmalıymış: “Bunun da əsas məqsədi irəliləmənin qarşısını almaq və bizim bölmələri İran istiqamətinə sıxışdırmaq idi. Ancaq bu plan əvvəlcədən ifşa olundu və məlumatlar rəhbərliyə məruzə edildi.
Əks tədbirlər nəticəsində düşmənin özü bu vəziyyətə salındı və mühasirəyə alınaraq darmadağın edildi”.
www.RIA24.az