Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara müsahibəsi Azərbaycan dövlətinin 2023-cü il üzrə strateji prioritetlərinin elanı və bunun uzunmüddətli perspektiv üçün yekunlarının hazırlanması təlimatlarıdır.
Prezidentin çıxışlarındakı tezisləri Azərbaycanın strateji hədəflər toplusunun konseptual layihələri kimi dörd istiqamətdə təsnifatlandırmağa çalışacağıq.
I – Zəngəzur dəhlizi
Prezident İlham Əliyev Zəngəzur dəhlizi layihəsini Azərbaycan üçün strateji dəyər kimi təsbit etdi. Bu, o deməkdir ki, Zəngəzur dəhlizi Azərbaycanın strateji maraqlarının mühüm elementidirsə, Bakı ilə yaxın tərəfdaşlıq münasibətlərində olan ölkələr üçün də xüsusi əhəmiyyətə malikdir.
Yəni həm Böyük Britaniya, həm ABŞ, həm Avropa İttifaqı, həm Rusiya, həm də Çin bu layihədə pay sahibi olmaqdan məmnunluq duyurlar. Lakin dəhlizdən nələri qoparmaq mövzusunda fikirlər haçalanır və adını sadaladığımız qlobal oyunçuların fərqli strateji yanaşmaları Zəngəzur dəhlizi üzərində hibrid münaqişələri dərinləşdirir. Rusiya-Ukrayna müharibəsi fonunda aktorların öz maraqlarını müdafiə etmək üçün konservativ üsullara əl atmaları Zəngəzur dəhlizi platformasına da öz təsirlərini göstərə bilmək potensialı kimi şərh edilə bilər.
İlham Əliyevin müharibədən sonrakı reallıqlarda Azərbaycanın yeni təhdidlərlə üzləşdiyini söyləməsinə və bu təhdidlərə sinə gərməyin asan məsələ olmadığına vurğu etməsinə Zəngəzur dəhlizinə münasibətdə qızışan emosiyalar fonunda diqqət yetirilə bilər.
Zəngəzur koridoru məsələsi regional sərhədlərin hüdudlarını aşan daha böyük strateji dərinlikdir və bu, Türkiyənin qlobal oyunçuluq qabiliyyəti profilini maksimallaşdırmaqdan ötrü mühüm əhəmiyyət kəsb edir. Bunlardan yola çıxaraq Zəngəzur dəhlizi uğrundakı rəqabət müstəvisində kimin hansı mövqedə dayandığını və ya bu pozisiyasından hansı istiqamətə sürüşə biləcəyini belə görə bilərik:
– Çinlə Avropa İttifaqı üçün bu sərfəlidir. Ona görə ki, Pekinin Qərbin mühüm təsisatı olan bu Birliklə yaxşı iqtisadi əlaqələri mövcuddur. Lakin ABŞ və Böyük Britaniya Avropa İttifaqı ilə Çin arasında yeni həlqə olmasına qarşıdırlar;
– Beləliklə, Avropa İttifaqı bu məsələdə diktəedici gücə sahib olan ABŞ-Britaniya ikilisinin mövqeyinə yaxınlaşmaq məcburiyyətindədir;
– Bu, Çinin alternativ alətlərdən istifadə edərək Zəngəzur dəhlizinə fərqli baxış ortaya qoymasını şərtləndirir;
– Məsələnin şişməsi Çinlə Rusiyanı dəhlizdə birləşdirir və Türkiyə daha çox bu iki güclə səylərini birləşdirmək çağırışı ilə rastlaşır;
– Azərbaycan üçün rəqabət müstəvisinin iqtisadi parametrləri təhlükə sayılmır. Amma problem bundadır ki, nəhənglər öz maraqları yolunda eskalasiya risklərini gücləndirmək xəttini tuta bilərlər (Əsasən, Rusiya, ABŞ, Böyük Britaniya). Azərbaycan özünü kəskin rəqabətin yolayrıcından kənarda tutmağı bacarmalı və Türkiyə ilə strateji müttəfiqliyini öz tərəfdaşları ilə ortaq məxrəc hasil edilməsi istiqamətinə kökləməlidir.
II – Transxəzər layihəsi
Bir neçə ildir ki, gündəmdə qalan, amma gözü yol çəkən Transxəzər layihəsi Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə daha da aktuallaşıb.
Lakin Türkmənistan qazının Azərbaycana, oradan da Avropa bazarlarına çıxarılmasına dair yekun razılıq əldə edilmir.
Bunun geostrateji səbəbləri var və həmin məsələni təhlükəsizlik riskləri kontekstində dəyərləndirmək üçün ipuclarını toplaya bilərik.
Birincisi, Türkmənistan qazının Avropa bazarlarına çıxışını Rusiya istəmir, daha dəqiq ifadə etsək, Moskva layihədə öz iştirakını təmin etmək niyyətindədir. Əks təqdirdə Moskva həmin proyektin reallaşmasına əngəllər yaradır.
Görünür ki, Rusiyanın enerji üçün hansı eskalasiya başladacağı barədə Qərbdə hesablamalar mövcuddur. Ona görə ki, Türkmənistanın Rusiyadan asılılıq dərəcəsi çoxdur və Moskva Mərkəzi Asiyanın nəhəng enerji ehtiyatlarına malik ölkəsini öz əlindən buraxmamaq üçün hər addıma gedər.
İkinci bir istiqamət Çinlə əlaqədardır, Pekin düşünə bilər ki, Transxəzər layihəsi Qərbin ona qarşı həmlə strategiyasının elementidir və bazarlarda alternativin yaradılması Pekinin iqtisadi qüdrətini sarsıda bilər.
Üçüncü məqam TAPI layihəsi ilə bağlıdır (Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistan). Rusiya və Çin Qərbin acığına özlərinin iştirakçısı olmadıqları bu layihəni dəstəkləməklə rəqiblərini ofsaydda saxlamağı hələ ki bacarırlar.
Təhlükəsizlik riskləri ilə yanaşı, Transxəzər layihəsinin texniki parametrləri üzrə də çətinlikləri mövcuddur, Prezident İlham Əliyev müsahibəsində bunun əsasən maliyyə yükünə diqqət çəkdi.
Yəni Transxəzər layihəsinin canlanmasını istəyən Qərb buna böyük məbləğdə sərmayə qoymalıdır, əgər buna getmirsə, deməli, risklər mövcuddur.
İlham Əliyevin Transxəzər layihəsi barədə mövqeyini maliyyə problemləri və texniki əsaslandırma üzərində qurması göstərir ki, Azərbaycan, Türkiyə və Trükmənistan liderlərinin üçtərəfli görüşündə tərəflər razılıq əldə etməyə yaxınlaşmayıblar. Azərbaycanın strateji meyarında Transxəzər layihəsinin canlanması yer alır, çünki Bakı bununla regional gücünü möhkəmləndirə bilər.
III – Ermənistanla münasibətlər
Azərbaycan, Ermənistan sülhə razılıq versə belə, özünün hərbi arsenalındakı müasir silahların sayını artırır, xüsusi təyinatlı qüvvələrdəki şəxsi heyəti çoxaldır, ordunun peşəkar şəkildə qurulmasını davam etdirir. Çünki Ermənistan müharibədən sonrakı reallıqlarda da revanş hissinə qapılır və Hindistandan, İrandan silahlar almaqla işğal siyasətinə qayıdacağına işarə edir.
Ancaq Azərbaycan Ermənistanla mümkün üçüncü müharibə ehtimalına qarşı elə bir sərhəd qurur ki, bu dəfə İrəvana endiriləcək zərbənin miqyası maksimal hədlərdə olsun.
İlham Əliyevin sitatı: “Onu da bildirməliyəm ki, Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu sizə kömək etməyəcək, ikincisi, ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz! Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. Ona görə biz, əlbəttə ki, lazımi tədbirləri görürük və imkan verə bilmərik ki, Ermənistan bizim üçün təhlükə yaratsın, heç vaxt imkan verə bilmərik”.
Bunun hərbi-siyasi tərcüməsi: Azərbaycanın ordu balansında hələ ictimaiyyət üçün açıqlanmayan elə ən müasir silahlar var ki, Ermənistanın aldıqlarını metal parçasına çevirər, ümumiyyətlə həmin ölkənin müstəqil subyekt kimi varlığını sual altına qoyar.
Azərbaycan Ordusundakı elit qüvvələrin peşəkarlığı, sərhəd zonasındakı yüksəkliklər ilə ən müasir silahların harmoniyasını qursaq, görürük ki, Azərbaycan Ermənistanın həm taktiki, həm də strateji dərinliklərinə zərbələr endirib oralarda nəzarəti bərpa etmək iqtidarındadır.
Deyilənləri Ermənistanın sərhədlərin delimitasiyasından boyun qaçırması fonunda qiymətləndirəndə ortaya hərbi güc tətbiqi çıxacaq və İlham Əliyev bunun anonsunu “Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək” deməklə verir.
IV – Xankəndi, Xocalı, Ağdərə
Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki vəziyyəti xarici siyasət istiqamətindən dartaraq daxili məsələ kimi inkişaf etdirib. Hərçənd ki, beynəlxalq güclər hələ də bu məsələni xarici siyasətlərinin prioritetlərində tuturlar. Bununla belə, Azərbaycanın həmin ərazilər üzrə mütləq suverenliyini təmin etməsi üçün prinsipiallığı artıq daxili siyasi mövzu kimi üstünlük təşkil etməkdədir. Rusiya bir, ABŞ isə digər meyarla Qarabağda yaşayan ermənilər mövzusunu əlində bayraq tutur və bu, istər-istəməz Bakının xarici siyasətində həmin məsələlərin müzakirəsini aktuallaşdırır.
Məsələni hərənin öz arşını ilə ölçməsi Azərbaycanın həm danışıqlar vasitəsilə, həm də hərbi-siyasi yolla öz məqsədlərini təmin etməsini aktuallaşdırır.
Azərbaycan təhlükəsizlik şəraitindəki bəzi qatılaşan dumanları nəzərə alaraq hələ Xankəndidə, Xocalıda, Ağdərə şəhərində antiterror əməliyyatı keçirmir və ermənilərin inteqrasiyası üçün daha cəlbedici təkliflərlə çıxış edir.
Ancaq bu o demək deyil ki, Azərbaycanın səbir kasasının dərinliyi limitsizdir. Təbii ki, bir həddən sonra Azərbaycan antiterror əməliyyatları keçirmək hüququndan istifadə edərək cinayətkar ünsürləri və onlara havadar olan milyarderləri zərərsizləşdirə bilər.
Prezident açıq qalan məsələləri natamam qalmış iş kimi interpretasiya edir və “bunu tədricən yoluna qoyacağıq” deməklə mümkündür ki, üç versiyanı dilə gətirir:
– Azərbaycan Qarabağ ermənilərinin ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün planları təqdim edəcək;
– Daha sonra ermənilərdən buna cavab gözləyəcək;
– Əgər qarışıq və qeyri-müəyyən mövqelər, üstəgəl separatçıların silahlı təxribata əl atmaq cəhdləri olsa, Azərbaycan antiterror əməliyyatlarını başladacaq.
Aqşin Kərimov
www.RIA24.az