FAO-nun eksperti: “Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər” – FOTO

Müharibə

“Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisi Fazil Düşüncəli deyib.

Ekspert hesab edir ki, otuz ilədək müddət ərzində Ermənistanın işğalında qalan Qarabağ torpaqlarının böyük qismi kənd təsərrüfatı təyinatı üçün istifadə olunmadığına görə, bu torpaqlar ekoloji təmiz məhsul istehsalına yararlı ola bilər:

“Bunu müəyyənləşdirmək üçün həmin ərazilərdə torpaq, su, digər amillər üzrə analizlərin aparılmasına ehtiyac var. Otuz il müddətində həmin torpaqlar istifadəsiz qalıbsa, öz-özünü bərpa prosesindən keçib. Ona görə də kənd təsərrüfatı məqsədli istifadəsi üçün aqroekoloji proseslərə çox da sərmayə yatırmağa ehtiyac olmadan Qarabağda ekoloji təmiz məhsullar əldə etmək mümkün ola bilər. Orada pestisidlər, kimyəvi vasitələr tətbiq etmədən dayanıqlı, davamlı kənd təsərrüfatı layihələri həyata keçirmək mümkündür”.

F.Düşüncəli bu yaxınlarda FAO-nun və türkiyəli kənd təsərrüfatı mütəxəssislərinin Azərbaycana səfər etdiyini də xatırladaraq bu məsələnin ekspertlərin diqqətindən kənarda qalmayacağına ümid etdiyini deyib:

“Qarabağ torpaqlarında daha əlverişli məhsulların yetişdirilməsi üçün mütəxəssis dəyərləndirilmələri aparılmalıdır. Ümid edirəm ki, bu məsələlər mütəxəssis baxışından keçəcək. Bir halda ki, belə əlverişli mühit var, Qarabağ üzümü, pambığı, buğdası və digər məhsulları da niyə dünyada marka olaraq tanınmasın? Hazırda bütün dünyada təhlükəsiz qida məsələsi prioritetdir. Bu baxımdan işğaldan azad edilən Azərbaycan torpaqlarının da öz əhalisinə və dünyaya töhfəsi ola bilər”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir