“Vətən müharibəsində yaşadığım bütün anlar xatirədir. Müharibədə olanlar heç vaxt unudulmur. Həmin an ancaq irəli getməyi düşünürsən, ailəni belə, fikirləşmirsən. Torpaqlarımızı azad etməyi qarşıma məqsəd qoymuşdum”.
Bunu Oxu.Az-a müsahibəsində 44 günlük Vətən müharibəsində iştirak edib, xüsusi şücaət göstərən 22 yaşlı Vətən Müharibəsi Qəhrəmanı, qazi Azər Abdullazadə deyib.
Abdullazadə Azər Rizvan oğlu 2001-ci il fevralın 18-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2007-ci ildə Cəmilli kənd tam orta məktəbində birinci sinfə gedib, 2018-ci ildə məzun olub. Azər Abdullazadə 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət müddətinin bitməsinə bir neçə gün qalmış Vətən müharibəsi başlayıb.
Onunla müsahibəni təqdim edirik:
– Hansı ərazilərin azad olunmasında iştirak etmisiniz?
– İlk döyüşümüz 27 sentyabrda Füzuli istiqamətində başladı. Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Tankda tuşlayıcı operator idim. Təəssüf ki, sona qədər iştirak edə bilmədim.
– Müharibənin neçənci günündə yaralandınız?
– Füzuli istiqamətində gedən döyüşlərdə sentyabrın 30-da yaralandım. Yüngül yara idi. Bir gün xəstəxanada yatdım. Daha sonra öz istəyimlə yenidən qayıtdım. Oktyabrın 11-də Cəbrayıl uğrunda gedən döyüşdə ağır yaralandım. Tankın içində yandım. Hər iki gözümə qəlpə dəydi. Sağ gözümü həmin vaxt itirdim. Sol gözümün də görməsi itmişdi. Daha sonra həkimlərin səyi nəticəsində gözümdən qəlpə çıxarıldı, görməm bərpa olundu. Sağa protez göz qoydular.
Həmin döyüşdə tank komandirim qəhrəmancasına şəhid oldu. Mən tankın sürücüsü sayəsində sağ qaldım. Sürücü məni yanmış tankdan çıxartdı. O özü də yaralı idi. Həyatımı ona borcluyam.
– Müharibədə unuda bilmədiyiniz anlardan danışaq. O günlər xatirənizə necə həkk olunub?
– 44 günlük Vətən müharibəsi qızıl hərflərlə tarixə yazıldı. 30 il düşmən tapdağında olan torpaqları 44 gündə geri qaytardıq. Tam iştirak etməsəm də, hər biri mənim üçün ən dəyərli xatirədir. Heç bir anı unudulası deyil. Hər biri daim insanın beynində qalır. Qardaş dediyim uşaqlar şəhid oldular. Çox ağırdır. Onlar gözümün qabağında şəhadətə qovuşdular. Onlar heç vaxt unudulmayacaqlar, daim qəlblərdə yaşayacaqlar. Düşmənin başına od ələdik. Onlar qorxudan hər şeylərini qoyub, qaçırdılar.
– Ölüm-dirim savaşında idiniz. Hər şey ola bilərdi. O zaman ağlınıza kimlər gəlirdi?
– Mən 18 ay idi ki, anamın-atamın üzün görmürdüm. Hətta zəng etmirdim ki, darıxmasınlar. Hərbi xidmət dövrümün bitməsinə üç gün qalmış müharibə başladı. Onlara bu səbəbdən xəbər vermişdim. Mən həmin vaxtı ailəmi bir kənara qoymuşdum. Ancaq irəli getməyi, Vətəni, torpağı, milləti düşünürdüm. Qarşıma məqsəd qoymuşdum ki, torpaqlarımızı azad etməliyik. Tam səmimiyyətimlə deyirəm. Həmin vaxt ailəni düşünmək olmur. Ancaq döyüşmək fikrində olur. Oralar bizim ata-baba yurdumuzdur. Doğma yurdumuzu geri qaytardıq.
– Səhv etmirəmsə, atanız da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
– Bəli, atam Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Birinci qrup əlildir. Əmim Natiq Abdullayev də Birinci Qarabağ müharibəsində, 1993-cü il yanvarın 16-da şəhid olub. Həm qazi, həm də şəhid ailəsiyik.
Vətənə sevgi uşaqlıqdan aşılanıb. Ən böyük arzum hərbçi olmaq idi. Qardaşım da hərbçi idi. 44 günlük Vətən müharibəsində iştirak edib. Birlikdə döyüşüb, yaralanmışdıq. Medallarla təltif olunub. Hazırda da xidmətdədir. Digər əmim də tibbi xidmət polkovnikidir. Müharibə zamanı həkim olaraq öz vəzifəsini həyata keçirib. Döyüşlər zamanı ilk cərrahi əməliyyatı əmim edib.
– 10 noyabrda müharibənin bitməsi xəbərini eşidən zaman hansı hissləri keçirdiniz?
– Həmin vaxt xəstəxanada idim. Sona qədər iştirak etmək istərdim. O hissləri hər gün yaşayıram. Qələbə xəbərini alanda gözlərim doldu. Həmin hissləri ifadə edə bilmirəm. Qələbə çaldıq, torpaqlarımızı geri qaytardıq. O xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmədim.
– 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüsünüz.
– Bu mənim üçün qürurvericidir. Döyüşlərdə iştirak etdiyim üçün çox sevinirəm və fəxr edirəm. İşğaldan azad etdiyimiz torpaqlara baş çəkəndə bir daha qürur duydum.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə Füzuli istiqamətindən başlayaraq Cəbrayıla qədər döyüş yolu keçib. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Nəzrin Vahid
www.RIA24.az