“Azərbaycan əvvəldən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “Jerusalem Post”a müsahibəsində bildirib.
Azərbaycanın İsraildən aldığı silahların və ya onları İsraildən daşıyan təyyarələrin sayına gəlincə, M.Məmmədov dəqiq sayı barədə məlumatı olmadığını deyib. Bununla belə, o, İsrailin ölkənin aparıcı silah təchizatçılarından biri olduğunu təsdiqləyib.
Nəşr yeri gəlmişkən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına istinadla bildirib ki, 2011-2020-ci illər arasında Azərbaycanın əsas silah idxalının 27%-i İsrailin payına düşüb. Bununla belə, tədarüklərin əksəriyyəti 2016-2020-ci illər arasında həyata keçirilib, o zaman Azərbaycanın əhəmiyyətli silah idxalının 69%-i İsrailin payına düşüb.
Hesabata görə, digər əsas tədarükçülər Rusiya, Türkiyə və Belarus olub.
M.Məmmədov Azərbaycanın İsraildən silah alması ilə bağlı narahatlığı anlamadığını deyib.
“Hər bir ölkə öz ərazi bütövlüyünün və vətəndaşlarının suverenliyinin qorunmasına və müdafiəsinə cavabdehdir. Bu mənada, Azərbaycan da istisna deyil. İsrail çoxlu silah istehsal edir, ona görə də bu silahların İsraildən alınması normaldır”, – deyə səfir bildirib.
Bu silahların 2020-ci ildə Ermənistanla müharibə zamanı ölkənin ərazilərini geri almasına kömək edib-etməməsi ilə bağlı suala cavabında Məmmədov bildirib ki, Azərbaycanın qələbəsi Prezident İlham Əliyevin strateji hərbi rəhbərliyinin, eləcə də ordunun imkanlarının, silah-sursatının və hazırlığının nəticəsidir.
“Bizi orduya külli miqdarda pul xərcləməkdə ittiham etdilər. Biz isə cavab verdik ki, dünya (Ermənistanla) müharibənin həllində bizə kömək etməyib. Əgər müharibə, işğal, ərazilərimizə və vətəndaşlarımıza qarşı təhlükə olmasaydı, ordumuza bu qədər pul xərcləməzdik. Qlobal xəritəyə baxsanız, daha təhlükəsiz bölgələrdə yerləşən dövlətlərin (hərbiyə) daha az xərclədiyini görərik. Təəssüf ki, bizim belə şansımız yoxdur”, – deyə səfir qeyd edib.
www.RIA24.az