Aydın Mirzəzadə: “Avropa İttifaqı missiyasının vəzifəsi Azərbaycan haqqında kompromat toplamaqdır”

Müharibə


Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutulub.

Avropa missiyasının gəlməsindən sonra Ermənistan daha da azğınlaşıb, çox ciddi təxribatlara əl atmağa başlayıb. İrəvanın hazırkı davranışı onu göstərir ki, Ermənistan sanki Avropa İttifaqı (Aİ) missiyasının “güc”ünü hiss edərək Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən yeni təxribata əl atıb. Təsadüfə bax ki, Aİ missiyası gəldikdən sonra artıq neçənci dəfədir Ermənistan ənənəvi davranışlarını təkrarlayır. Hazırkı insidentə görə Aİ də birbaşa məsuliyyət daşıyır.

Mövzu ilə əlaqədar Oxu.Az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycan xalqının Novruz bayramını qeyd etdiyi bir dönəmdə təxribat törədilməsi Ermənistan rəhbərliyinin bütün mənəvi dəyərlərdən uzaq olduğunu nümayiş etdirir:

“Ermənistan təxribatları Azərbaycana psixoloji təzyiq etmək, Azərbaycanı qorxutmaq məqsədi daşıyır. Ermənistan onsuz da yaxşı bilir ki, Azərbaycan güclüdür, ona qalib gələ bilməyəcək. Amma alçaqlıq ondan ibarətdir ki, məhz bayram günlərində atəşkəsi pozub kimisə yaralayıb, kimisə ölümünə səbəb olsunlar. Onlar çirkin niyyətlərindən əl çəkmirlər.

Avropa missiyasına gəlincə, şübhəm yoxdur ki, onlar bu insidenti görməyəcəklər. Bu insidentə münasibət bildirməyəcəklər. Onlar regiona Ermənistanı müdafiə etmək üçün gəliblər. Onlar məsələlərə obyektiv qiymət vermək üçün ora gəlməyiblər.

Elə olsaydı, artıq bəyanat verərdilər, Ermənistanı pisləyərdilər və yaxud da missiyanı yerinə yetirməkdən imtina edərdilər. Amma biz bunu görmədik. Sübutlar var, gözlərinin qarşısında baş verir”.

Deputat onu da əlavə edib ki, Aİ tərəfindən Azərbaycanın müraciətinə də hər hansı bir cavab verilməyib:

“Biz ədalətsizliyi, ikili standartı görürük. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın öz suverenliyini qorumaq üçün kifayət qədər gücü var. Ermənistanın bu təxribatı cavabsız qalmayacaq.

Ermənilərə elə gəlir ki, əgər onlar missiya dəvət ediblərsə, arxalıdırlar. Öz istədiklərini edə, Azərbaycan daxilinə diversiya qrupları göndərməyə və eyni zamanda hər hansı bir silahlı insident yaratmağa cəhd edəcəklər. Avropa missiyası isə gələndən bir dəfə də olsun Ermənistanın hərəkətinə qiymət verməyib.

Bu onu göstərir ki, missiyanın vəzifəsi Azərbaycan haqqında kompromat toplamaqdır. Ermənistanın etdiklərini Azərbaycanın adına yazmaqdır.

Amma yenə də Ermənistan bilməlidir ki, layiqli cəzalarını tez-gec alıblar və alacaqlar”.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir