Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinin ermənilərə olan “sevgi”si bitib-tükənmək bilmir.
Ermənilər üçün hər cür dona bürünən və bunu bir çox misalla göstərməkdən çəkinməyən (oxu: utanmayan – red.) sülhməramlı kontingent hazırda ermənilərin cangüdənliyi ilə məşğul olmağa başlayıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.
Bəs bu kolonun başında kim olsa yaxşıdır? Rusiya sülhməramlı kontingentinin vəzifəsini “ləyaqət”lə yerinə yetirən hərbçiləri…
Hadisənin qısa təsviri bundan ibarətdir: Qarabağda – Azərbaycanın əzəli torpaqlarında – erməni separatçı ünsürlərin silahlı birləşmələri qanunsuz silah daşımaları ilə məşğul olur və prosesi regiona sülh üçün gəlmiş sülhməramlılar müşayiət edirlər.
Belə bir qısametrajlı film çəkildiyini düşünün, janrı nə olardı? Kadrlarda fantastika elementləri var (sülhməramlının separatçıya dəstəyi), faciə var (Rusiya dövlətini təmsil edən kontingentin separatçıların əlində oyuncağa çevrilməsi), xəyanət var (missiyasına, beynəlxalq hüquqa, dövlətinə). Baş rolda isə tarix boyu epizodik roldan savayı potensialı olmayan ermənilərin əlində aciz qalmış Rusiya sülhməramlısı… Baş rolun bu qədər cılız durumda olduğu ikinci bir film, yəqin ki, olmamışdı.
Ancaq baş verənlər film deyil, reallıqdır və Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan dövləti və Ordusu tərəfindən diqqətlə izlənilir. Azərbaycan xalqı bu iyrənc hadisənin arxasındakı fantastik elementləri də, faciəni də, xəyanəti də görür və unutmur.
Bizim epizodik rollarla işimiz yoxdur, çünki onların kadrda yeri baş rol ortaya çıxana qədərdir. Necə deyərlər, arxalı köpək qurd basar. Erməni separatçılar Azərbaycan ərazilərində qanunsuz əməllər törədəcəkləri zaman başlarına gələcək “qisas” tədbirlərini yaxşı bilirlər. Ona görə də qorxudan sülhməramlıların arxasına sığınırlar. Ancaq burada əsas qanunsuzluq da elə sülhməramlı kontingentin adına yazılmalıdır.
Cinayətkarın, terrorçunun məzlum sifəti alması, yazıq, çarəsiz görünməsi Rusiya sülhməramlısının “qəlbinəmi toxunub”? Çarəsiz qatillər onların pişvazına çıxıb, “biz qanunsuz silah daşıya bilmirik” deyiblərmi, görəsən? Rusiya sülhməramlısı o qədər humanistdir ki, terrorçuya belə rəhm edir? Əsla!
Bu hadisəni bu qədər sadəlövhlüklə əsaslandırmaq olmaz. Rusiya sülhməramlısı bu dəfə, sadəcə, öz çoxsaylı nöqsanlarına yenisini əlavə etməyib, onların hər biri çiyinlərində daşıdıqları poqonlara, qollarında daşıdıqları nişanlara xəyanətin ən böyüyünü törədib – hərbçi adına, sülhməramlı missiyasına, beynəlxalq hüququn prinsiplərinə, xidmət etdikləri torpaqların əsl sahibi olan bizə, öz dövlətlərinə, onun imicinə xəyanət ediblər.
Onların bu fəaliyyətləri qısametrajlı filmin, kiçik bir çarxın ölçüsündə olsa da, tarixdə böyük bir qara ləkə olaraq qalacaqdır.
Azərbaycan isə Müdafiə Nazirliyimizin yaydığı 74 saniyəlik kadrlardan müvafiq nəticəni mütləq çıxarır. Bu, qanunsuz əməllərin ifşası və qarşısının alınması üçün zəruri tədbirləri müəyyən edir.
Sülhməramlılar, bəlkə də, “qozbeli qəbir düzəldər” atalar sözünə arxayındırlar. Ancaq unudurlar ki, onların burada qəbirləri olmayacaq, ən qısa zamanda gəldikləri kimi geri dönəcəklər. Himayə etdikləri terrorçulara gəlincə, onlar barədə eyni sözü demək çətindir. Erməni xislətini qəbir belə düzəldə bilməz, ancaq terrorçular bu yoldan dönməsələr, onlar üçün qəbirlər düzəldilməli olacaq…
Orxan Tağıyev
www.RIA24.az