Unudulmayan tarix: Kəlbəcərin işğalı və bunda AXC-Müsavat cütlüyünün rolu

Müharibə


Bu gün – 2 aprel tarixi Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günüdür.

Oxu.Az-ın məlumatına görə, 30 ildən sonra Kəlbəcərin işğal gününü məğlub dövlət kimi qeyd etmirik.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Kəlbəcərin işğal edilməsi AXC-Müsavat hakimiyyətinin azərbaycan xalqına xəyanət nəticəsində baş tutdu. Paytaxt Bakıda AXC-Müsavat cütlüyünün başı hərc-mərcliyə, vəzifə bölgüsünə qarışdığı üçün Qarabağ və ətraf rayonlar yaddan çıxmış, tamamilə müdafiəsiz qalmışdı.

Ölkənin və xalqın təhlükəsizliyini təmin edə bilməyən AXC-Müsavat hakimiyyəti ölkədə xaos, anarxiya, özbaşınalıq yaratmış, orduquruculuğu məhv edilmiş və hakimiyyətdə daha da möhkəmlənmək məqsədi ilə ayrı-ayrı şəxslər özlərinin tabeliyində olan silahlı dəstələr saxlamaqla məşğul olurdular.

Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.

Xatırladaq ki, ümumi sahəsi 3 054 kvadrat kilometr olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, bir şəhəri və bir şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 kilometr qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Nəhayət Azərbaycanın müzəffər ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi.

2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu qeyd-şərtsiz tərk etməli oldu. Kəlbəcər rayonu noyabrın 25-də işğaldan azad olundu.

Bu gün Kəlbəcərin işğal gününü qeyd etməsək də, bu tarixi yaddan çıxarmamalıyıq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir