“Vidadi 44 günlük Vətən müharibəsində iştirak edəndə də onun şəhid olduğunu demişdilər. Mən bunu 3 gün ailəsindən gizlətdim”.
Bunu Oxu.Az-a açıqlamasında ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olmuş Vidadi Zalovun əmisi, ehtiyatda olan zabit Məhəmməd Zalov deyib.
O deyib ki, qardaşımın bir oğul balasını bu gün xalq olaraq, fəxrimiz kimi torpağa tapşırdıq:
“44 günlük Vətən müharibəsində xidmətdə olduğu hərbi hissədən mənə zəng gəldi. Dedilər ki, Vidadi Zalov şəhid olub. Mən özüm də zabit olduğum üçün təxmin edirdim ki, yanlışlıq ola bilər. Ailəsindən üç gün gizlətdim, demədim. Nəhayət üç gün sonra özü anasına zəng edib dedi ki, adım Sumqayıt şəhidlərinin içində gedib, amma narahat olmayın.
Bu dəfə də zəng mənə gəldi. Yenə dəqiqləşdirməmiş demək istəmədim. Əfsuslar olsun ki, bu dəfə xəbər yalan çıxmadı. Azərbaycan ordusunun heç bir zabitinin şəhid olmasını, yaralanmasını istəməzdik. Allah bütün şəhidlərə rəhmət eləsin. Ailələrinə səbir versin”.
Könül Cəfərli
www.RIA24.az