“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasının sürəti dərin təsir bağışlayır”.
Bunu “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında həmin şəhərdə səfərdə olan ABŞ-də fəaliyyət göstərən podkast şirkətinin nümayəndəsi Ester Eti Elkis deyib.
“Amerikalı və israilli jurnalistlərdən ibarət nümayəndə heyətinin Şuşaya səfərini təşkil etməyimizin məqsədi onların buradakı dağıntıları gözləri ilə görmələrinə şərait yaratmaqdır. Ermənistan bu ərazilərdəki bütün tikililəri dağıdıb. Üstəlik, burada çox sayda mina var. Daha əvvəl, yəni ötən ilin dekabrında bu şəhərə səfər etmişdim. Şuşada son dörd ayda həyata keçirilən işləri görəndə çox təəccübləndim”, – o vurğulayıb.
“Düşünürəm ki, öz torpağını sevən şəxs onu qəsdən dağıtmaz, məscidləri, kilsələri məhv etməzdi. Qarabağ ərazisi çox gözəldir. Azərbaycanın bu əraziləri bərpa etməsi dərin təsir bağışlayır”, – E.Elkis deyib.
O, Azərbaycanın regionda təhdidlər yaradan İranla problemlərini həll edəcəyinə ümidvar olduğunu bildirib:
“Bəli, vəziyyət asan deyil, lakin Azərbaycan bunu həll etməyin yolunu tapacaq”.
E.Elkis sonda vurğulayıb ki, Azərbaycan bütün dini konfessiyalar üçün çox tolerant ölkədir.
www.RIA24.az