“Baş verən hadisələr göstərir ki, Ermənistanın niyyəti və məqsədi Azərbaycana qarşı davamlı təxribatlar törətmək və bölgəyə sülhün gəlməsi istiqamətində başlanan prosesin qarşısını almaqdır”.
Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Şuşada 3 hərbçimizin minaya düşməsi haqqında danışarkən deyib.
Parlamentarinin sözlərinə görə, bu artıq neçənci dəfədir ki, Azərbaycan vətəndaşları minaya düşürlər, həyatlarını itirirlər, ağır xəsarətlər alırlar: “Bu gün hərbçilərimizin də minaya düşməsi ermənilərin əsl niyyətini ortaya qoyur. Torpaqlarımızda fəsadlar törədən minaların əksəriyyəti 2020-ci ildən sonra basdırılan, erməni təxribatının nəticəsi olanlardır. Ermənistan tərəfindən davamlı olaraq, minalar ərazilərimizə gətirilir və basdırılır. Azərbaycan dəfələrlə xəbərdarlıq etsə də, Ermənistanın mina təxribatı bu gün də davam edir.
Belə olduğu halda Azərbaycanın bir yolu qalır, o da öz ərazilərində antiterror əməliyyatlarının keçirilməsidir. Sülhməramlı kontingent bu məsələlərə reaksiya verməlidir, erməni təxribatının qarşısı alınmalıdır. Rusiya sülhməramlıları bunu etmirsə, Ermənistana təzyiq göstərmirsə, Azərbaycan öz gücünə bu problemi həll etməlidir. Başqa çıxış yolumuz qalmır. Xalqımız bu təxribata daha artıq dözə bilməz, artıq iradə ortaya qoyulur. Ermənistanın bu qətlləri dayandırılmasa bizim cavabımız sərt və kəskin olacaq. Müharibə dayanıb, 2 ilə yaxındır hərbi əməliyyatlar aparılmır, amma hələ də insanlarımız həlak olur. Yüzlərlə vətəndaşımız ya həyatını itirib, ya da ağır yaralar alıb. Bu nə barbarlıqdır?! Düşünürəm ki, sərt addımlar atmağın vaxtı çatıb”.
Xatırladaq ki, aprelin 22-də Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu, Allahqulular kəndi ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb.
Aysel Aslan
www.RIA24.az