“Azərbaycan Ermənistanla sərhəddə buraxılış məntəqəsi yaradıb, məsələ bağlanıb” – UKRAYNADAN ŞƏRHLƏR

Müharibə


Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində İrəvan “bir addım irəli, iki addım geri” taktikasına davam edir. ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünənki danışıqları fonunda (ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, tərəflər “əhəmiyyətli irəliləyiş əldə ediblər”) Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Xarici İşlər Nazirliyindən də qeyd edildiyi kimi, yenə də cəfəng iddialar səsləndirib. Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan isə Qarabağ, Sünik (görünür, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu nəzərdə tutulur) və Naxçıvanın Ermənistan əraziləri olduğunu məhkəmədə sübut etməyə söz verib.

Oxu.Az şərh üçün Krım Muxtar Respublikasının və Sevastopolun keçmiş prokuroru, Ukrayna baş prokurorunun keçmiş müavini Gündüz Məmmədova və tanınmış ukraynalı siyasi məsləhətçi, hüquq elmləri namizədi (PhD), beynəlxalq hüquqşünas İrina Serovaya müraciət edib.

Gündüz Məmmədov bildirib ki, əgər Ermənistan-Azərbaycan münaqişəsinin sırf hüquqi komponentindən danışılırsa, o zaman beynəlxalq hüququn prinsiplərindən, müvafiq olaraq, beynəlxalq sənədlərdən çıxış edilməlidir.

“Söhbət ilk növbədə, 1991-ci il Alma-Ata Bəyannaməsindən gedir, o, SSRİ-nin mövcudluğuna son qoydu, sonra MDB yarandı. Orada açıq şəkildə qeyd olunur ki, sənədi imzalayan dövlətlər bəyannamənin bir-birinin ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını tanıyan və hörmət edən prinsipləri ilə razılaşırlar. Yəni tərəflər artıq o zaman de-fakto etiraf etmişdilər ki, onlar bir-birlərinin sərhədlərini keçmiş İttifaqın tərkibində olduqları formatda tanıyırlar.

Sonra BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri gəlir. Bu qətnamələrdə Ermənistan Azərbaycanda işğal etdiyi bütün əraziləri tərk etməyə, eyni zamanda, ATƏT çərçivəsində danışıqlarla sülh yolu ilə nizamlanmaya çağırılır.

Daha sonra BMT Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”lə bağlı 62/243 saylı qətnaməsindən danışmaq olar. Orada deyilir ki, “heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni vəziyyət kim tanımır, belə vəziyyətin qorunub-saxlanması üçün kömək və ya yardım göstərmir”. Sənəd 39 səs “lehinə”, 7 “əleyhinə”, 100 “bitərəf” topladı, 46 səs iştirak etmədi.

Eyni zamanda, AŞPA-nın 1416 (2005) saylı qətnaməsini də xatırlatmaq yerinə düşər ki, bu da BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını tələb edir”.

Gündüz Məmmədov Azərbaycanın faktiki olaraq öz ərazi bütövlüyünü bərpa etmək üçün tədbirlər gördüyünü və bunun heç bir ölkə tərəfindən pislənmədiyini vurğulayıb.

Ara Papyanın iddialarına gəlincə isə o, Ukrayna ilə paralel aparıb:

“Onda vəziyyət hipotetik olaraq belə görünür: Ukrayna Xerson vilayətinin bir hissəsinə nəzarəti bərpa edib (nümunə kimi), Rusiya isə bu məsələ ilə bağlı beynəlxalq məhkəmələrdə iddialar qaldırır”.

Politoloq İrina Serova Ermənistanın məhkəmə iddiasının çoxlu suallar doğurduğunu bildirib:

“Hansı məhkəmələrə müraciət etməyə hazırlaşırlar? Bunlar boş söhbətlərdir, yoxsa konkret fəaliyyətlər olacaq? Bundan başqa, hansı faktlara və dəlillərə əsaslanaraq müraciətlərini əsaslandıracaqlar? Bu daha çox (erməni tərəfinin – red.) kütləyə yönəlmiş siyasi bəyanatına bənzəyir. Amma təlimat ancaq bir cəbhədən gəlir – yəni Rusiya Federasiyasından.

Bəs apriori hansı məhkəmələrə müraciət edə bilərlər? Avropa İnsan Hüquqları Məhkəməsinə? Bu onun yurisdiksiyasında deyil. BMT-nin Beynəlxalq Məhkəməsi? Bu da o deyil”.

Beynəlxalq hüquqşünas vəziyyəti Vladimir Vısotskinin mahnısındakı beytlə izah edib: “Cavab verməsəniz, “Sportloto”ya şikayət edəcəyik (mahnıda söhbət ruhi xəstəxanada olan pasiyentlərdən gedir – red.)”.

“Azərbaycan artıq Ermənistanla şərti sərhəddə, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaradıb. Deməli, məsələ bağlanıb”, – İrina Serova sözlərini yekunlaşdırıb.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir