Şagirdlər siniflərinin adını daşıdığı şəhid Kamran Quliyevin ailəsini ziyarət ediblər – FOTO

Müharibə


Paytaxtın Xətai rayonu 116 saylı tam orta məktəbin 3b sinfinin şagirdləri siniflərinin adını daşıdığı Vətən müharibəsi şəhidi Kamran Dadaş oğlu Quliyevin ailəsini ziyarət ediblər.

Qarşıdan gələn doğum gününün ildönümü münasibətilə şəhidin Salyan rayonunda yerləşən evinə baş çəkən şagirdlər onun xatirə guşəsi ilə də tanış olublar. Üçüncü sinif şagirdləri şəhid Kamran Quliyevin anası Arzu xanımla söhbətləşərək şəhidin adının əbədiləşdirilməsi üçün sinif rəhbərləri Nəzakət Cəfərova ilə birgə məktəbdə həyata keçirdikləri fəaliyyətlərdən danışıblar. Şəhid anası uşaqlara Vətən şəhidinin adını yaşatdıqları, daha da ucaltdıqları üçün minnətdarlığını bildirib.

Vətən müharibəsi şəhidi Kamran Quliyev Salyan rayon Şəhidlər Xiyabanında dəfn edilib. Şagirdlər şəhidin ailə üzvləri, həmçinin övladları – 9 yaşlı Ümid və 3 yaşlı Tunarla birgə onun məzarını ziyarət edərək əklil qoyublar və Kamran Quliyevin xatirəsini bir daha yad ediblər. 116 saylı tam orta məktəbin 3b sinif şagirdləri şəhidin məzarı üzərində vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şagirdlər şəhid Kamran Quliyevin adını daşıyan bulağa da baş çəkiblər.

Qeyd edək ki, şəhid Kamran Quliyev 1992-ci il mayın 11-də anadan olub. Vətən müharibəsindən öncə Aprel və Tovuz döyüşlərində iştirak edib. 

2020-ci il oktyabrın 6-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir