Sevinc Orucova: “Ağdam işğaldan azad olunanda ora ilk yolu açan elə Raquf Orucovun komandir olduğu hərbi hissə idi. Mənə zəng etdilər ki, bu axşam Ağdama gedirik. “Ağdama Raquf Orucovun gözü ilə baxın” – deyə onlardan xahiş etdim”.
Bunu “Kaspi” qəzetinə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “Yaşat” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Orucova deyib.
53 saylı tam orta məktəbin zalı qonaqlarını qəhrəman hərbçilərimizin portretləri ilə bəzənmiş “Qarabağ Azərbaycandır”, “Şəhidlər unudulmur” stendləri, şagirdlərin vətənpərvərlik ruhunda çəkdikləri əl işləri ilə qarşıladı. Həmin gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə”nin qonağı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “Yaşat” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Orucova idi. “Murov qartalı” kimi adı Azərbaycanın hərb tarixinə yazılan polkovnik-leytenant, aprel şəhidi Raquf Orucovun xanımı…
Həyatımın ən böyük uğuru
“Mən çox görüşdə olmuşam. Həm qardaş Türkiyədə, həm öz ölkəmizdə şagird və tələbələrlə görüşmüşəm. Həmişə də həyəcanlanmışam. Çünki sizə nə yalan danışmaq olar, nə də hisslərimizi gizlətmək. Siz bizim gələcəyimizsiniz! Biz nəyi öyrətsək, nəyi aşılasaq, o sizin yaddaşınızda həmişəlik qalacaq.
Mən orta məktəbdə oxuyanda görüşümüzə Xəlil Rza və Mikayıl Mirzə gəlmişdi. Onlar cəmiyyəti irəli aparan adamlar idi. Onların hər sözü indi də yadımdadır… “Zəfər” təşkilatı qurulandan ən böyük dəyər verdiyim görüşlər orta və ali məktəblərdə keçirdiyim görüşlərdir” – deyə S.Orucova şagirdlərlə ilk təəssüratını bölüşdü.
“Sumqayıt şəhərində doğulmuşam. Şəhərin ən sayılıb-seçilən şagirdlərindən olmuşam. Bu gün də şəklim məktəbin “Şərəf lövhəsi”ndə durur” – deyə S.Orucova özü haqqında şagirdlərə məlumat verdi: “Ən böyük arzum hüquqşünas olmaq olub. 8-ci sinifdə oxuyanda artıq Qarabağ müharibəsi başlamışdı. Acılı həyat hekayələrimiz olub. 90-cı ildə 20 Yanvar hadisələri o vaxt böyüməkdə olan insanların yaddaşında çox qəribə izlər buraxıb. Amma bizim ruhumuzda mücadilə, mübarizlik əzmi vardı. Müharibəyə hər birimiz hazır idik. Fəlakətlərə rəğmən Azərbaycan müstəqillik yolunu seçdi”.
O həmişə arzulayırdı ki…
S.Orucova 1999-cu ildə Raquf Orucovla ailə həyatı qurmasını xatırladı: “Raquf 25 yaşında ulu öndər tərəfindən təqdimata layiq görülmüş nadir hərbçilərdən idi. Ona qədər məni ailəm, universitet həyatı yetişdirmişdi. Ancaq Raquf Orucovla ailə qurandan, Murovdağda yaşayandan sonra bu, tamam fərqli həyat təcrübəsi oldu. Orada çox əziyyətlər çəkdik, bəzən aylarla işıq olmurdu. Bununla belə, bir kəşfiyyatçının həyat yoldaşı olmaq çox şərəfli bir həyat idi. Kəşfiyyata gedəndə günlərlə onun dönməsini gözləmək, o şərtlər daxilində övlad böyütmək…” S.Orucova “Mən həyatımı həmişə iki hissəyə bölmüşəm – Raquf Orucovla olan və ondan sonrakı hissə” – deyə davam etdi: “Raquf şəhid olandan sonra mənim mübarizliyim ikiqat artdı. Raquf Orucovun anasını da ermənilər öldürmüşdülər. 5 uşaq yetim qalmışdı və ən böyükləri Raqufun onda 18 yaşı vardı. O acını, Ağdamın işğalını hər birimiz içimizdə yaşayırdıq. Raquf Orucov Ağdamın hərbi hissə komandiri olanda həmişə arzulayırdı ki, torpağı işğaldan azad edən sərkərdələrdən biri olsun”.
2500-ə yaxın şəhid övladı
S.Orucova rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, 2017-ci ildə polkovnik Vüqar Yusifovun xanımı ilə əl-ələ verib “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini qurublar: “O gündən Azərbaycanda şəhid ailələrinə dəstək, eyni zamanda, qəhrəmanlığımızın unudulmaması istiqamətində bir çox tədbirlər həyata keçirmişik”. S.Orucova təşkilatın fəaliyyətində Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyinin danılmaz olduğunu bildirdi: “Biz bu gün şəhid ailələrinin hüquqlarını müdafiə edirik. Elə edirik ki, o ailələrin güvənini sarsıtmayaq. Bizim 2500-ə yaxın şəhid övladımız var. Atasının ölümündən sonra doğulan 104 şəhid balamız var. O uşaqların fiziki olaraq ataları yoxdur, amma arxalarında Vətən var”.
Ağdama Raquf Orucovun gözü ilə baxın…
S.Orucova auditoriyadan ünvanlanan “Raquf Orucovun davamçıları olan hərbi hissə ilə əlaqə saxlaya bilirsinizmi?” sualını belə cavablandırdı: “Raquf Orucov şəhid olandan sonra bir çox hərbi hissələrdə olmuşuq. Ağdam işğaldan azad olunanda ora ilk yolu açan elə Raquf Orucovun komandir olduğu hərbi hissə idi. Mənə zəng etdilər ki, bu axşam Ağdama gedirik. “Ağdama Raquf Orucovun gözü ilə baxın” – deyə onlardan xahiş etdim. Həmin hərbi hissənin yarandığı gün Raquf Orucovun doğum günü ilə eyni günə – iyulun 12-ə təsadüf edir. Həmin gün biz mütləq həmin hərbi hissəyə baş çəkirik”.
“Ən çətin işi o kişilər bacarıblar”
“Tək ana üçün uşaq böyütmək çətin oldumu?”- deyə şagirdlərdən biri soruşdu: “Mən qadının gücünü həmişə qeyd edirəm. Evə də, uşaqları böyütməyə də yetir. Əgər əzm, məqsəd varsa, bunu hamı bacarar. Atası şəhid olanda böyük övladımız Aqşin 10-cu sinifdə oxuyurdu. Mən onu sınmağa qoymadım. Atası həmişə istəyirdi ki, Aqşin ADA Universitetində təhsil alsın. O imtahan verdi, ADA Universitetini yüksək balla qazandı. Oğluma dedim: “Oxumaq nədir ki… Ən çətin işi o kişilər bacarıblar. Onlar sizə böyük bir miras qoyublar. Bizim evdə necə hərbi qayda-qanun vardısa, bu gün də davam edir. Böyük oğlum bir az nadinc idi, amma atası şəhid olandan sonra o da tam dəyişdi. Prezidentin iştirak etdiyi tədbirdə, 3 min nəfərin qarşısında çıxış edən gənclərdən biri idi. Prezident onu ayaqda alqışladı. Həmişə övladlarıma deyirəm ki, öz ayaqlarınız üzərində durmağı bacarmalısınız. Hər işimizdə hiss edirəm ki, Raquf bizim yanımızdadır”.
Hərbçi ailəsi hər şeyə hazır olur
“Hərbçi həyat yoldaşı olmaq çətindirmi?”- deyə şagirdlərdən biri soruşdu: “Hərbi ixtisaslar, vəzifələr çoxdur. Onların içərisində ən şərəflisi və ən çətini kəşfiyyatçıdır. Raqufgil günlərlə kəşfiyyata gedirdilər. Hər əməliyyat uğurlu alınmaya bilərdi, amma biz bunu bilə-bilə gözləyirdik. 17 illik ailə həyatımda sayını itirdiyim qədər kəşfiyyata gedib. 5 gündən gec qayıdanda axtarırdıq… Raquf Orucov heç bir əməliyyatdan uğursuz qayıtmamışdı. Hərbçi ailəsi həmişə hər şeyə hazır olur. Biz də hazır idik. Biz cəbhə bölgəsində yaşayırdıq. O, evə həmişə silahla gəlirdi. Biz silaha alışmışdıq. Onun ölümündən 7 il keçib. Raquf şəhid olanda onun tabutuna toxunmaq üçün insanlar sıraya düzülmüşdülər. Biz kənarda qalmışdıq. Bir qəhrəman özü üçün yalnız bunu – xalqın çiynində getməyi arzulaya bilər. Vətən də öz sevdiyini qoynuna aldı”.
Vətən sizə əmanətdir
Şagirdlərdən biri “Mən sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə vermişəm. Mənə hansı tövsiyələri verərdiniz? – deyə maraqlandı: “İlk növbədə Vətəni və peşənizi sevin. Vətəni sevmək imandan gəlir. Bu, insanın öz həyat amalı olmalıdır. Bu torpağın hər qarışında şəhid qanı və şəhid məzarları var. Onlar bu torpaq uğrunda qurban gediblər. Bu torpaq qanla yoğurulub, ona görə bu qədər müqəddəsdir. Sizin üzərinizə düşən ən böyük vəzifə oxumaqdır. Vətənə xidmət oradan başlayır. Bu Vətən sizə əmanətdir”.
www.RIA24.az