“Bu yaxınlarda Qərbin vasitəçiliyi ilə baş vermiş iki diplomatik hadisə onu göstərir ki, ABŞ və Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanın əldə olunmasında vasitəçiliklə tam gücü ilə məşğuldurlar. Bu iki hadisənin nəticəsi həm də Qarabağ ermənilərinin və onların havadarlarının separatçılıq ambisiyalarının tabutuna son mismardır”.
Bu barədə ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç “The National Interest”də dərc olunan “Ermənistanla Azərbaycan arasında diplomatik sıçrayış?” adlı məqaləsində bildirib.
Onun sözlərinə görə, artıq Qərb Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi ilə Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyi birmənalı şəkildə əlaqələndirib. Müəllif bildirib ki, bu, təkcə Qərbin BMT Nizamnaməsinə əsaslanan dünya nizamının təməl prinsipinə riayət etməyin faydalı olduğunu yenidən dərk etməsi deyil, həm də strateji enerji və kommunikasiya ambisiyalarını daha geniş şəkildə inkişaf etdirmək üçün Azərbaycanın Xəzər hövzəsi və Avrasiyadakı (burada “İpək Yolu regionu” ifadəsi daha uyğun ola bilər) əvəzolunmazlığının etirafıdır.
Məqalədə Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı Qərbin vasitəçiliyi ilə Vaşinqton və Brüsseldə keçirilən görüşlərə də toxunulub.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşünün yekununda səsləndirdiyi bəyanat (bu layihənin Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə hazırlandığını əminliklə güman edə bilərik) onu deməyə əsas verir ki, sülh heç vaxt bu qədər yaxın olmayıb – həm onun tonu, həm də məzmunu ABŞ Dövlət katibi Antoni Blinkenin Vaşinqtonda keçirilən görüşün yekununda söylədiyi razılaşmanın yaxın zamanlarda olacağı ilə bağlı fikrini əks etdirir, ancaq kifayət qədər yaxın olub-olmaması ilə bağlı sualı hələ də cavabsız qoyur”, – deyə o bildirib.
Müəllif bu baxımdan dörd əsas müşahidəsini əsaslandırıb:
Birincisi, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldəki görüş yeddi aylıq fasilədən sonra keçirildi. Krneviç sülh danışıqlarında şəxsən iştirakda israr edən, Azərbaycanın isə qəbuledilməz hesab etdiyi Fransa Prezidenti Emmanuel Makronun müqavimətini qırmaq üçün Mişelin xeyli vaxt sərf etdiyini vurğulayıb və bunu, Aİ daxilində kompromisin əldə olunması kimi qiymətləndirib.
İkincisi, Mişelin Brüsseldə sülh danışıqları apardığı gün İlham Əliyevin Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçlə görüşməsi, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin görüşü İttifaqın iki əsas qolu – Şura və Komissiyanın öz yanaşmalarını yaxından koordinasiya etməsinin göstəricisi hesab olunub.
Üçüncü qeyd Mişelin Brüssel görüşündən sonra verdiyi bəyanatla bağlıdır. O qeyd edib ki, Azərbaycanın 2022-ci ilin fevralında irəli sürdüyü və gələcək sülh sazişinin əsaslanmalı olduğu beş əsas prinsip danışıqların əsas predmeti olmaqda davam edir.
“Mişelin bəyanatı bir neçə əsas məqamı çox aydın göstərir. Birincisi, bəyanatda qeyd olunub ki, Əliyev və Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsinə birmənalı sadiqliklərini təsdiqləyiblər. Bəyanatda hər iki ölkənin ərazisinin neçə kvadratkilometr olmasının göstərilməsi Ermənistanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması deməkdir. Bu isə açıq şəkildə Qarabağ ermənilərinin və onların havadarlarının separatçı ümidlərinin puça çıxmasından xəbər verir. İkincisi, Şarl Mişelin bəyanatının Zəngəzur dəhlizi ilə bağlı bütün bəndi regional əlaqə baxımından çox ümidvericidir.
Hazırda tərəflərin mövqeləri, xüsusən də Naxçıvan vasitəsilə dəmiryolu əlaqəsinin bərpası ilə bağlı, bir-birinə çox yaxındır. Bu, dəmiryolu əlaqəsinin nisbətən qısa müddətdə reallığa çevriləcəyini göstərir. Sənəddə hələ tamamlanmalı olan bəzi məsələlər var ki, bura gömrük razılaşmaları və tikinti işlərinin konkret qrafiki də daxildir. Amma sənəddə qeyd olunur ki, Əliyev və Paşinyan müvafiq qruplara bunu həyata keçirmək üçün göstəriş verməyə razılaşıblar. Bu o deməkdir ki, Mişel (və ehtimal ki, Blinken) sülh prosesində real tərəqqiyə nail olmaq üçün Ermənistanın öz öhdəliklərindən geri addım atmamasına təkid edəcəklər”, – deyə müəllif əlavə edib.
Krneviç Şarl Mişelin bəyanatı ilə bağlı dördüncü müşahidənin sənəddə deyilməyənlərə yönəldiyini bildirib. Onun sözlərinə görə, mətndə Laçın yolu ilə bağlı sazişlər barədə heç nə deyilmir. Müəllif hesab edir ki, bu, əslində, Ermənistanı Qarabağla indi və gələcəkdə heç nə bağlamadığı barədə Bakının mövqeyini təsdiq edir. Həmçinin Mişelin bəyanatında nə sərhədlərin delimitasiyası, nə də Qarabağın erməni əhalisi kontekstində yerlərdə hər hansı yeni xarici müşahidəçi missiyası ilə bağlı nəsə deyilir.
Müəllif deyilənlərdən belə nəticə çıxarıb ki, Ermənistan tərəfi Azərbaycandaxili (Qarabağ) müzakirələrin “beynəlxalq vasitəçilik” mexanizmi çərçivəsində aparılması və həmçinin yerlərdə hər hansı yeni xarici mülki, ya da hərbi mövcudluğun olması ilə bağlı əvvəlki tələblərdən imtina edib.
Ekspertin sözlərinə görə, əgər Ermənistan Azərbaycanla sövdələşsə, tezliklə Türkiyə ilə münasibətlər normallaşacaq.
“Nəticədə əldə edilən sülh dividendləri İrəvana əhəmiyyətli diplomatik, iqtisadi və təhlükəsizlik faydaları gətirəcək. Qəza ehtimalı qalsa da, deyəsən, qatar öz stansiyasına yaxınlaşır. Təkcə ona görə yox ki, Qərb artıq “geostrateji payları”, həqiqətən, dərk edir və ağılla oynayır, həm də ona görə ki, Rusiya da daxil olmaqla bütün xarici maraqlı tərəflər belə qənaətə gəliblər ki, öz maraqlarının davamı Bakı ilə əlaqələri saxlamaq və hətta gücləndirməkdən asılıdır.
Bütün bunları nəzərə alsaq, Azərbaycanın artan mərkəzdənqaçma qüvvəsi, həqiqətən də, sülh prosesinin finiş xəttini keçməsinə səbəb ola bilər”, – deyə Krneviş sözlərini yekunlaşdırıb.
www.RIA24.az