Azərbaycan mina dərdini dünyaya çatdırır – ŞƏRH + RƏQƏMLƏR

Müharibə


Bakıda “Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın ilk günü 25 may tarixində Ağdamda keçirilib. Ağdama səfər çərçivəsində iştirakçılar bərpa-quruculuq planları ilə tanış olub, mina partlayışları nəticəsində zərər çəkmiş amputant futbolçuların oyununu izləyiblər.

Tədbirin təşkilatçıları ANAMA və BMT-dir. Qeyd edək ki, bu, “Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransıdır.

Azərbaycanın ev sahibliyi etdiyi konfransda 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxs – sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər.

Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.

Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki çox məhduddur.

Azərbaycan qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir – Azərbaycan humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış edib, Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir.

Konfransın əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır.

Konfrans mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirir. Yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaradır.

Bildirək ki, Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.

Prezidentin məktubunda bildirilib:

“İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 57-si həlak olub, 245-i isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3 400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. Mina qurbanlarının 358-ni uşaq, 38-ni isə qadınlar təşkil edir. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirib ki, bu da mina qurbanlarının gündən-günə artmasına səbəb olur. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər”.

Konfransda ANAMA idarə heyətinin sədrinin müavini Samir Poladov çıxış edərək bildirib ki, Azərbaycanda indiyə qədər qeydə alınan mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib.

“Bu ərazilərdə kasetli sursatlar, piyada və tank əleyhinə minalar, partlamamış sursatlar aşkar olunur. Ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır. Ermənistanda istehsal olunan bu minalar Rusiyada istehsal olunan minaların bir növ nüsxələridir, amma müəyyən dərəcədə fərqlənirlər”, – deyən Samir Poladov əlavə edib ki, ANAMA-nın hədəfi təmizlənən ərazilərin sahəsini illik 50 min hektara çatdırmaqdır.

Rəqəmlər mənzərəni aydın göstərir. Ermənistana gəlincə, o, mina cinayətlərinə görə heç bir cəza almayıb.

Qeyd edək ki, konfrans çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcək. Azərbaycan gözləyir ki, beynəlxalq ictimaiyyət Ermənistan barədə adekvat tədbirlər görsün.

Məlumat üçün deyək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Qarabağın və Şərqi Zəngəzurun işğalı dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb.

Qarabağda münaqişə bitdikdən sonra belə, Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib. 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2 700-dən çox piyada əleyhinə mina aşkarlanıb.

Aqil Vəlili

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir