May ayının 25-də Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Zəngilan rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş gizir Azər Mustafa oğlu Məmmədovun övladının dünyaya gəlməsi münasibətilə şəhidimizin ailəsini ziyarət edib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, döyüş yoldaşları şəhidimizin ailə üzvlərinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini çatdırıb, yeni doğulmuş körpənin dövlətimizə və xalqımıza layiqli övlad kimi yetişməsini arzulayıblar.
Vətənin azadlığı uğrunda və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş igid sərhədçinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər.
15:36
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün həyata keçirdiyi “Onlar bizə əmanət” layihəsi davam edir.
Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.
Bildirilib ki, 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Azər Məmmədovun Sumqayıt şəhərində doğulan övladı Azayın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə – Azayın adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Layihə indiyədək 106 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
www.RIA24.az