“Dövlət Komissiyasının arxivində toplanan məlumatlara əsasən, Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlığın olduğu barədə məlumatlar var”.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.
O, hazırda Dövlət Komissiyasının bununla bağlı araşdırma işləri ilə məşğul olduğunu söyləyib:
“Şuşa şəhəri işğal olunarkən əsir və girov götürülmüş Azərbaycan vətəndaşları burada qeyri-insani şəraitdə saxlanılmışdır. Onlara qarşı çoxsaylı beynəlxalq cinayət hadisələri, humanitar normaların pozulması faktları məlumdur. Burada bizim apardığımız təhlillərə görə, işğal dövründə 360 azərbaycanlı əsir və girov saxlanılıb. Bunlardan 216 nəfəri Dövlət Komissiyası tərəfindən aparılmış danışıqlar nəticəsində azad etmişik. Amma digərlərinin taleyi bu günə qədər məlum deyil. Güman edirik ki, aşkar olunan yeni insan qalıqları axtardığımız şəxslərə aiddir”.
www.RIA24.az