Azərbaycanda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.
Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni vandalizmi, minalanmış ərazilər barədə məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Erməni işğalçılar 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.
Ağdam şəhər Cümə məscidinə gələn AŞPA-nın həmməruzəçilərinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə məlumat verilib. Qeyd edilib ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən Cümə məscidində restavrasiya işlərinə başlanılıb.
Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə bir etdikləri binaların qalıqlarına da baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Onlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib.
AŞPA-nın həmməruzəçiləri sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandallar Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.
Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı qərargahında olan qonaqlara Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri sonda Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.
www.RIA24.az