Bu gün Azərbaycana məxsus “Su-25” döyüş təyyarəsinin Əsgəran yaxınlığında ermənilər tərəfindən vurulmasından 31 il keçir.
Hadisə 1992-ci il iyunun 13-ü saat 4-5 radələrində Naxçıvanik yaxınlığında baş verib.
Təyyarə düşmən tərəfindən “Şilka” deyilən qurğu ilə vurulub.
Şahidlərin sözlərinə görə, həmin anlar pilot Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur.
Həmin günlər Naxçıvanikdə döyüşən tabor komandiri Asif Məhərrəmovun (Fred Asif) qardaşı Ədalət Məhərrəmov Vaqifin təyyarədən atıldığını və ermənilər tərəfindən aramsız atəşə tutularaq yerə salındığını gözləri ilə gördüyünü xatırlayır. Azərbaycan tərəfi Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, artıq gec olur.
Ermənilərin canına qorxu salan təyyarəçinin ölümü qarşı tərəfdə sevinclə qarşılanır. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirir.
“Su-25”in bortunda Azərbaycan bayrağının şəkli həkk olunmuşdu.
Qeyd edək ki, baş leytenant Vaqif Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından “Su-25” təyyarəsini qaçırıb.
O, Şuşanın işğalından sonra bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb.
Bildirək ki, Vaqif Qurbanovun səyləri nəticəsində erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürülüb, 120 nəfər yaralanıb.
Vaqif Qurbanov 1992-ci il mayın 9-da Xankəndidən uçan və ermənilərə məxsus “Yak-40” təyyarəsinə hücum edərək onu vurub.
Vaqif Qurbanov, həmçinin, cəbhənin digər istiqamətlərindəki döyüşlərdə iştirak edib və nəticədə qarşı tərəf ağır itkilər verib.
www.RIA24.az