“Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıları görmək çox ağrılıdır”.
Bunu “Report”a açıqlamasında beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən Liviyadan olan tanınmış səyyah-bloqer Məhəmməd Alselini deyib.
“Qarabağdakı dağıntıları görmək, xüsusən də bir zamanlar burada yaşayan insanların nələrlə üzləşdiklərini – evlərini necə itirdiklərini və məcburi köçkünə çevrildiklərini – təsəvvür etmək çox ağrılıdır. Bütün bunlar çox ciddi emosiyalara səbəb olur. Mən bu regionun tezliklə bərpa olunmasını, sabitlik və firavanlıq arzulayıram”, – o vurğulayıb.
Xatırladaq ki, beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar dörd gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.
Səfər dünyaca məşhur MTP (“Most Travelled People”) təşkilatı tərəfindən təşkil olunub.
www.RIA24.az