“Tərəflər Cənubi Qafqaz regionu naminə dinc dialoq aparmağa davam etdikləri üçün biz danışıqların növbəti raundunun (Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında – red.) Vaşinqtonda keçirilməsini səbirsizliklə gözləyirik”.
Oxu.Az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller növbəti brifinqdə deyib.
Onun sözlərinə görə, razılaşma əldə olunma ərəfəsindədir.
“Əvvəllər də dediyimiz kimi, hesab edirik ki, qalan məsələlərin həlli üçün birbaşa dialoq əsasdır. Hesab edirik ki, razılıq əldə olunma ərəfəsindədir. Təəssüf ki, bu görüş (əvvəllər planlaşdırılan – red.) qrafiklə bağlı problemlərə görə baş tutmadı və biz yeni tarix təyin etməyi səbirsizliklə gözləyirik”, – deyə Miller əlavə edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun əvvəlinə planlaşdırılan görüşü təxirə salınıb.
2023-cü il mayın 1-4-də ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Əvvəlcə xarici işlər orqanları rəhbərlərinin ikitərəfli formatda görüşü keçirilib, daha sonra onlara ABŞ-nin Dövlət katibi Antoni Blinken də qoşulub.
Daha sonra, mayın 3-də ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.
Danışıqların yekunlarına görə A.Blinken bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə olunmaq ərəfəsindədir.
www.RIA24.az