“Laçın” sərhəd-buraxılış məntəqəsində baş vermiş insident Ermənistan tərəfindən düşünülmüş bir təxribatdır”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ermənilər bu addımı atmaqla Azərbaycana qarşı təxribatın formasını dəyişiblər:
“Əvvəl sərhəd xəttindəki postlarımıza, hərbi birləşməmizə qarşı təxribat edirdilərsə, indi isə nəzarət-buraxılış məntəqəsindəki hərbçilərimizə qarşı belə addım atırlar. Dünyanın hər yerində nəzarət-buraxılış məntəqəsində olan əməkdaşlar bir qayda olaraq, yüngül silahlanırlar. Çünki hər hansı bir hücuma demək olar ki, məruz qalmırlar”.
Deputat bildirib ki, Azərbaycan “Laçın” nəzarət-buraxılış məntəqəsini qurub, sərhədlərinin bütövlüyünü təmin edib:
“Ermənistan isə Qarabağ İqtisadi Zonasında yaşayan ermənilərin guya blokadada olması barədə beynəlxalq birliyə yalan məlumatlar verir. Bir vaxtlar 180 minə kimi erməni sakinin blokadada olduğunu bildirdilər, son vaxtlar isə seperatçı qurumun rəsmiləri 30 min olduğunu dedilər. Aydın məsələdir ki, bəlkə də, bu rəqəm bundan daha azadır. Onlar hərbçilərimizi atəşə tutmaqla Azərbaycan tərəfinin hərbi əməliyyata başlamasını, Ermənistan ərazisinə daxil olmasını istəyərdilər ki, bununla da ölkəmizin oraya təcavüzünü bəyan etsinlər. Digər tərəfdən çox istəyərdilər ki, Azərbaycan keçid məntəqəsini bağlasın və nəticədə İqtisadi zonada yaşayanların oradan çıxa bilməməsi və blokada olması hay-küyünü qaldıracaqlar. Bu, hərbi, siyasi bir təxribatdır.
Azərbaycan təmkinlə təxribata cavab verdi, iki snayper zərərsizləşdirildi. Ermənistan bir tərəfdən diplomatik danışıqlar aparır, digər tərəfdən isə təxribat törədir. Biz mürəkkəb, ağır və daima mövqeyini dəyişən ölkə ilə üzbəüz olduğumuzun fərqindəyik. Azərbaycan təmkinlə milli maraqlarını qoruyaraq öz siyasətini davam etdirir. “Laçın” nəzarət-buraxılış məntəqəsi işləyəcək. Erməni təxribatına qat-qat cavab veriləcək”.
O qeyd edib ki, Azərbaycan gec-tez Ermənistanı ərazi bütövlüyümüzü, sərhədlərimizi tanımağa məcbur edəcək.
İlhamə Əbülfət
www.RIA24.az