Paşinyanın “yoxdur” deməsi regional ambisiyalar fonunda: Azərbaycan təhlükəsizlik zonası yarada bilər – TƏHLİL

Müharibə


Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə öz suverenliyini bərpa etmək üçün fürsətləri qiymətləndirir.

Regional geosiyasi maraqlardan kənara çıxan əyintilərin çoxluğu şəraitində Azərbaycan separatizmin hər növ təzahürlərinə, qanunsuz silahlı dəstələrə qarşı mübarizədə effektiv nəticələrə nail olmalıdır.

Bu məsələdə rəsmi Bakı sərt ritorika göstərir, bununla qeyd edir ki, Qarabağda erməni silahlılarına qarşı hərbi əməliyyatlara başlaya bilər.

Texniki baxımdan Qarabağdakı silahlıların məhv edilməsi və ya separatçıların tutulub Azərbaycan yurisdiksiyası altında mühakimə olunması asan prosesdir. Lakin məsələ başqa oyunçuların ambisiyalarının kölgəsində çətinləşən xüsusiyyətlərə malikdir.

Qlobal və regional aktorlar bilirlər ki, Azərbaycan bu dəfə genişmiqyaslı antiterror əməliyyatlarına başlasa, özünü “respublika” elan etmiş qondarma qurumun faktiki mövcudluğu uzağı üç günə dayandırılacaq.

Ona görə də əsasən, Rusiya, ABŞ, Fransa, İran regionda separatçılıq toxumlarının tamamilə qurudulmasında deyil, onun təsir aləti kimi qalmasında maraqlıdırlar.

Azərbaycan belə maraqlar üçün güzəştlər və amnistiya elan etmir, əksinə, daha sərt şəkildə addımlar atır, bunun nəticələrini Rusiya, ABŞ və Avropa İttifaqı formatındakı danışıqlar masasında qılınc kimi qaldırır.

Azərbaycan Türkiyə tərəfindən genişmiqyaslı dəstək alır, ABŞ və Rusiyadan gələn siqnalları isə strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli maraqlar meydanına salır.

Qərb platforması Azərbaycanla energetika sahəsində güclü əlaqələr yaratmağa çalışır, Xəzər dənizinin təhlükəsizliyi məsələsində Bakıya ABŞ-dən dəstək gəlir, buna görə də Bakı əməliyyatlara başlasa, çətin ki, Avropa İttifaqı və Ağ Ev Ermənistanın tərəfində olsunlar.

Mövcud geosiyasi reallıqlar, Türkiyə ilə yaxşı münasibətlər, Azərbaycanla müştərək tərəfdaşlıq əlaqələri Moskvanı da Bakıya “yaşıl işıq” yandıran variantlara sövq edir. Ancaq Rusiya vəziyyəti öz çətiri altında idarəolunan rejimə kökləmək cəhdlərini əyani göstərir.

Beləliklə, Azərbaycan Ordusu bölgədə potensial hərbi əməliyyata baş vursa, buna həm Rusiya, həm də Qərb platformasındakı ABŞ, Avropa İttifaqı göz yumacaqlar. 

Ancaq geniş ölçüdə nəticələr Qərb-Rusiya qarşıdurması fonunda rəqib tərəflərin regionla bağlı mübahisələrinə son qoymayacaq, ona görə də Ermənistan tərəfi məsələnin bu ölçüsünü perspektiv hərbi dirçəlişi üçün münbit şərait kimi dəyərləndirir.

Bu kontekstdə baş nazir Nikol Paşinyanın “Qarabağda Ermənistan ordusu yoxdur” deməsi, Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatı qarşılaşan beynəlxalq maraqların işığında diqqət çəkir.

Bir-birilə bağlantılı olan məsələlər:

1. Paşinyan bu bəyanatı verməmişdən qabaq Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardı.

2. Fransadan Ermənistana dəstək bəyanatları sel kimi axıb gəlməkdə davam edir.

3. Paris regional tarazlıqda Rusiya və İranın Cənubi Qafqazda oyununu gücləndirən mövqelər tutur.

4. Azərbaycan-İran gərginliyindəki yumşalma cəhdləri fonunda Paşinyan Tehrana siqnallar ötürür.

5. Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə planlaşdırılan növbəti görüşü ərəfəsində İrəvana verilə biləcək mümkün dəstəkləri birləşdirib, bunu masaya qoymaq istəyir.

Bunlar o deməkdir ki, Paşinyanın Qarabağı qanuni Azərbaycan ərazisi kimi tanımasına və ən azı ritorik olaraq Cənubi Qafqazdakı münaqişənin həllində maraqlı olduğunu bildirməsinə baxmayaraq, regionda genişmiqyaslı münaqişənin qızışdırılması ehtimalları sönməyib.

Qarabağda Ermənistan ordusunun olub-olmadığına gəlincə, bu mövzuya daha geniş rakursdan baxmaq lazımdır.

Dar çərçivədə Azərbaycan Qarabağda Ermənistan ordusunun olduğunu bildirməklə İrəvanın 10 Noyabr Bəyanatındakı öhdəliklərini xatırladır, erməni əhalinin taleyi barədə İrəvandan Bakının yararına atılacaq cəsarətli addımlara siqnal verir.

Paşinyan isə bu məsuliyyəti çiyinlərindən atmaq üçün ən asan varianta gedir, üstəgəl, bəyanatları ilə dəstək xarakterli addımlar umur.

Perspektiv baxımdan geniş baxış bucağını Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin Bakının maksimalist məramı fonunda şərh etmək olar.

Ermənistan, onsuz da, Azərbaycanın sərhədlərin delimitasiyasına dair şərtlərinin bütününü qəbul etmir, Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyalar edir, sərhəddəki rəngi tündləşdirir.

Azərbaycan öz təsirlərini saxlamaq və artırmaq üçün əlavə tədbirlər görməyi mütləq zərurət hesab edir.

Hadisələr Azərbaycanın atacağı addımların kataloqunu tərtib etmək üçün təsəvvürlər verir.

Beləliklə, proqnozlaşdırmaq olar ki:

1. Azərbaycan öz ərazilərində Ermənistan hərbçilərinin olduğunu nəzərə alıb, alternativ olaraq öz qoşunlarını İrəvandan sərhədlərin təhlükəsizliyi üçün tələb etdiyi bufer zonaya yerləşdirə bilər.

2. Antiterror əməliyyatı keçirilmədən sərhəddə hərbi əməliyyatlar başlasa və Bakı təhlükəsizlik zonasını öz hərbi gücü ilə formalaşdırsa, avtomatik olaraq Qarabağdakı silahlı dəstələrin zərərsizləşdirilməsi baş tutacaq.

3. Bufer zona olsa, bu, Qərbi azərbaycanlıların geri qayıdışı proqramının hazırlanması, prosesin icrası üçün yaxşı zəminlər verəcək.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir