ANAMA-nın yaradılmasının 25-ci ildönümünü qeyd edilib – FOTO

Müharibə


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılmasının 25-ci ildönümünü qeyd edib.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov, BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış ediblər.

Həmçinin, tədbirdə hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları təmsilçiləri iştirak ediblər.

1998-ci il 18 iyul tarixində ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılan ANAMA minatəmizləmə sahəsində əldə etdiyi 25 illik təcrübəsi ilə qlobal miqyasda aparıcı quruma çevrilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, Agentlik işğaldan azad edilmiş ərazilərin partlayıcı qurğulardan təmizlənməsi, bu ərazilərdə bərpa-quruculuq fəaliyyətinin təhlükəsiz icrası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması, eləcə də regionda sülh və əmin-amanlığın bərpası və davamlı inkişafına öz müsbət töhfəsini verir. Ötən 25 il ərzində ANAMA tərəfindən 900 mindən çox mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib. Vüqar Süleymanov mina təhlükəsi ilə mübarizə fəaliyyətində göstərdikləri dəstəyə görə həm yerli, həm də beynəlxalq qurumlara öz təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov çıxış edərək bildirib ki, bu gün ən aktual və şərəfli işlərdən biri də ANAMA əməkdaşlarının həyata keçirdiyi minatəmizləmə fəaliyyətidir. Minatəmizləmə fəaliyyəti ilə məşğul olan şəxslər öz həyat və sağlamlıqlarını təhlükə altına ataraq şərəfli vəzifələrini yerinə yetirirlər. Onların bu fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir və bu sahəyə xüsusi diqqət yetirilir.

BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Vladanka Andreeva bildirib ki, mina qurbanlarının sayının artması Azərbaycanda humanitar minatəmizləmə işlərinin sürətləndirilməsi üçün birgə səy və resurslara ehtiyac olduğunun göstəricisidir. Həmçinin, partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması, maarifləndirmə işinin gücləndirilməsi üzrə ANAMA-nın həyata keçirdiyi fəaliyyətin dəstəklənməsində BMT qurumlarının bu günədək olan səylərinin davamlı olacağını ifadə edib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxışı zamanı qeyd edib ki, Avropa İttifaqı dünyada mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dəstəklənməsində qlobal liderdir. Azərbaycanda bu fəaliyyətin dəstəklənməsi isə Aİ və Azərbaycan arasındakı əməkdaşlığın başlıca prioritetlərindən biridir. Regionda sülh və davamlı inkişafın əsas şərtlərindəndir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva istər İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə Ermənistanın törətdiyi hüquq pozuntuları, kütləvi şəkildə basdırılmış tank və piyada əleyhinə minaların səbəb olduğu insan itkiləri hallarına dair hesabatların hazırlanaraq, beynəlxalq və regional təşkilatlara, habelə müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim olunduğunu bildirib.

Tədbirdə ANAMA-nın humanitar minatəmizləmə sahəsində 25 illik təcrübəsini əks etdirən “Minaları təmizləyək, insanları xilas edək” adlı film nümayiş olunub.

Həmçinin, minatəmizləmə fəaliyyətində əvəzsiz rola malik olan minaaxtaran it və bələdçinin iştirakı ilə imitasiya təşkil edilib. Yaradılan imitasiya sahəsində minaaxtaran it partlayıcı qurğuları aşkar edib. Mina və sursat nümunələrinin maketləri, minaaxtaranın alət və avadanlığı, fərdi qoruyucu geyimindən ibarət sərgi nümayiş olunub.

ANAMA Qarabağ və Şərqi Zəngəzurda mina və müharibənin partlayıcı qalıqlarının yaratdığı təhlükədən təmizləmək missiyasını qətiyyətlə davam etdirir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir