“Prezident İlham Əliyevin sərəncamı ilə radioyayım şəbəkəsinin genişləndirilməsi üçün müvafiq qurumlara 13,7 milyon manat vəsait ayrılıb. Həmin vəsaitdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı radioyayımın təşkil edilməsi üçün müasir infrastruktur yaradılmalıdır”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib. Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə radioyayım şəbəkəsinin təşkili üçün yeni avadanlıqlar alınmalı və müvafiq tezliklərlə Azərbaycanın bütün ərazisinə radioyayım təşkil olunmalıdır:
“Təəssüf ki, yerli yayım kanallarının gücü lazımi səviyyədə olmadığından qonşu respublikaların radio kanalları ölkəmizin ərazisinə daxil olur, burada yayımlanır. Məsələn, Azərbaycanın cənub bölgəsində İran televiziya kanalları yayımlanır, bununla ərazimizə müdaxilə olunur. Digər ərazilərdə də belə hallar mövcuddur. Xarici radioyayımın ölkə ərazisinə daxil olması, o ölkənin məqsədlərinin təbliği üçün şəraitin yaranması deməkdir. Ona görə də, radioyayım sahəsinin müasirləşdirilməsi üçün yeni avadanlıqlar alınmalı, ölkə ərazisi kənar radiotezliklərdən qorunmalı və yerli radioyayım bütün əraziləri əhatə etməlidir.
Cənab Prezidentin imzaladığı sərəncamla radioyayımın genişləndirilməsi üçün maliyyə ayrılması və növbəti üç ilin dövlət büdcəsində bu məqsədlərlə bağlı vəsaitin nəzərdə tutulması istiqamətində tapşırıq verilməsi radioyayım sahəsinin müasirləşməsinə və mövcud problemlərin aradan qalxmasına imkan verəcək”.
Aysel Aslan
www.RIA24.az