“Kəndə qırğın törətməyə gələn xaçatryanlar canilərə əmrləri Azərbaycan dilində verirdilər” – Meşəli sakini

Müharibə


“Meşəli qətliamına ermənilər əvvəlcədən hazırlaşıb, ciddi təşkilatlanmışdılar. Xaçatryan və onun əlaltılarına rus əsgərləri kömək edirdilər”.

Bu fikirləri Oxu.Az-a Xocalı rayonunun Meşəli kənd sakini Əkbər Mehrəliyev deyib. O qeyd edib ki, qətliam dekabrın 22-si səhər saatlarında törədilib:

“Mən Meşəlidə özünümüdafiə batalyonunda olmuşam. Hadisədən bir gün qabaq kəndin keşiyində dayanan növbətçilərdən biri idim. Axşam evə qayıdanda yollarda, cığırlarda çoxlu iz olduğunu, hərəkətliliyi hiss etmişdim. Amma atəş aça bilmədim, çünki gecə saatları olduğundan küçələrdə şütüyənlərin erməni olub-olmadığını bilmədim.

Səhər hava işıqlaşana yaxın kəndə hücum başlayanda nə edəcəyimizi bilmədik. Dörd bir yanımızı mühasirəyə almışdılar. Çox yaxında idilər. Qayınım Salman mənə kömək etmək üçün gəlmişdi. O və həyat yoldaşım ermənilərin hücumunda yaralanmışdılar. İtkilərimiz çox oldu.

Ermənilər dağdan enərək, meşəyə doğru irəliləmişdilər. Qardaşımın evinin düz üstündə idilər və onun ailəsini girov götürəcəkdilər. Qardaşıma kömək üçün irəli getdim. Erməniləri ləngitmək, kənd camaatının çaydan keçməsinə vaxt qazandırmaq lazım idi.

Meşəliyə hücum edən ermənilərin əksəriyyəti Badara kəndində məskunlaşanlar idilər. Xaçatryan və qardaşı da o kənddə yaşayırdı. Amma bildiyimə görə onun atası Xankəndidən olub, Xocalıdan deyil. Atasını tanımırdıq, çünki Xocalıda yaşamayıb. Amma Çerkezoviç qardaşları qatı erməni millətçisi, əzazil kimi tanınırdılar.

Ermənilərə müqavimətdə elə dəhşətli anlarla rastlaşırdıq, ilahi! Onlar tamamilə hazırlıqlı, sanki oyun oynamağa gələn kimi gəlmişdilər. Mən qayınımı, uşaqlarımı və həyat yoldaşımı yaralı halda çaydan keçirdim, yenidən döyüşə qayıtdım. Təsəvvür edin, atəş səsləri ilə “lambada” ifa edirdilər. Sanki günahsız, əliyalın insanları öldürməkdən həzz alırdılar.

Mikrofon qoşdular, camaata elan etdilər ki, kim canını salamat istəyir, kənddən çıxsın. Halbuki o saata kimi neçə-neçə günahsız insanı öldürmüşdülər. Kənd camaatı doğma yurd-yuvasını qoyub gedə bilmirdi. Hara gedəcəkdik? Bizim ata-baba yurdumuz ora idi.

Günortadan sonra dəhşətli qırğın başladı. Beş nəfər ailəni kənddən çıxara bildik. Axır gücümüz tükəndi, yaralıları, şəhid olanları kənddən çıxarmalı idik. Silah-sursat yox, gözləmədiyimiz anda qəddar düşmənlə, üstəlik rusların köməyini alan ermənilərlə üz-üzə qalmışdıq. Kənddən çıxmağa az qalmış Xocalıdan da, Laçından da kömək gəldi. Axşamüstü kənddəki şəhidlərin nəşini çıxarmaq üçün qayıtdıq. Meyitlərin arasında əmim qızını gördüm. Yaralı idi. Səsimi eşidib, gözlərini açdı. Onu boş qalan evlərdən birinə gətirib, ocaq qaladım. Güllə qarın boşluğuna bir tərəfdən girib, digər tərəfdən çıxmışdı. Sığındığımız evdə ocaq qalayıb, donmaması üçün tapdığımız pal-paltarla bürüdüm. Əmim isə qızını axtarmaq üçün geri, kəndə qayıtmışdı. Gəlib bizi tapdı və yaralı qızını kənddən çıxara bildik.

Bir neçə gün kəndi saxlaya bildik. Hamı məcbur olub, kənddən çıxdı”.

Kənd sakini deyir ki, Xaçatryan ermənilərin başçılarından biri olub:

“Kəndə qırğın törətməyə gələn ermənilər Azərbaycan dilində danışırdılar. Komandirləri canilərə əmrləri Azərbaycan dilində verirdi. Xaçatryanla üzbəüz döyüşməmişəm, amma onların başçısı olub. Xaçatryan kənd sakinlərindən iki yeniyetməni girov götürmüşdü, onların başına müsibətlər gətirib.

Həmin dövrdə Xaçatryanın böyük qardaşının 40-a yaxın yaşı olardı. Onun da hərbi formada şəkillərini görmüşəm, azərbaycanlılara qarşı törədilən soyqırımlarında ikisinin də əli var.

Xaçatryanın qardaşı avtobus sürücüsü idi. Azərbaycanlıları həmin avtobusa mindirmirdi. Xüsusilə, 80-ci illərin sonuna yaxın həmin ermənilərin bizə qarşı münasibəti kəskin pisləşmişdi. Biz Badara kəndinə hava qaralanda gedə bilmirdik. Yəni, ermənilərin xisləti çoxdan var idi.

Meşəlidə həmin vaxt 360 nəfərdən ibarət 81 ailə yaşayırdı. Qırğın zamanı 25 şəhidimiz oldu, 14 nəfər yaralandı. Şəhidlərin və yaralıların içində ətraf kəndlərdən köməyə gələnlər də var idi.

Meşəlidə, eləcə də digər ərazilərimizdə törətdikləri qırğınlara görə ermənilər cavab verməlidirlər. Onlar bizi öz ata-baba yurdumuzdan didərgin saldılar. Hər bir əli azərbaycanlı qanına bulaşan erməninin aqibəti Xaçatryan kimi olmalıdır”.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Aysel Aslan 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir